Prezident İlham Əliyev “Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsinin təyin edilməsi haqqında” sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: Nazirə yeni – VƏZİFƏ VERİLDİ
FED.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, 2018-ci il avqustun 12-də Aktau şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanmış və Beşinci Xəzər Zirvə Toplantısının Kommünikesi qəbul edilmişdir. Bu sənədlərə əsasən, Xəzəryanı dövlətlərin dövlət başçıları Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın səmərəli yerinə yetirilməsi məqsədilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmə mexanizminin yaradılması barədə qərar qəbul ediblər.
Həmin qərara uyğun olaraq, Xəzəryanı dövlətlərin xarici işlər nazirləri Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrup yaradıblar.
Sərəncama əsasən, xarici işlər nazirinin müavini Xələf Alı oğlu Xələfov Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi təyin edilib.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Alı oğlu Xələfovun Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi təyin edildiyi barədə Xəzəryanı dövlətlərə bildiriş göndərməlidir.
Prezidentdən Xələf Xələfovla bağlı – SƏRƏNCAM
18:47
14 Noy 2018