Gəncədə bələdiyyələrin siyahısı dəyişib.
Prezident İlham Əliyev «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Qanununa əlavə edilmiş «Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı»nda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
FED.az xəbər verir ki, dəyişikliyə əsasən bələdiyyələrin siyahısında Gəncə şəhəri ilə bağlı bələdiyyələrin əhatə dairəsi dəqiqləşdirilib.
Belə ki, indiyədək Gəncənin Kəpəz və Nizami bələdiyyələri müvafiq olaraq həmin rayonların ərazisini əhatə edirdi.
Bir qədər əvvəl həmin rayonlar ləğv edildiyinə görə, bələdiyyələrin əhatə dairəsi yenidən müəyyən edilib.
Nəticədə indi Kəpəz bələdiyyəsi Cavadxan, Məhsəti, Nətavan, Sadıllı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsini əhatə edir.
Nizami bələdiyyəsi isə Gəncə şəhərinin 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsini əhatə edir.
Hacıkənd bələdiyyəsinin əhatə dairəsi dəyişməyib və Hacıkənd və Göygöl qəsəbələrini əhatə edir.