Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciət edib.
FED.az müraciətin mətnini və videosunu təqdim edir:
-Əziz həmvətənlər.
2020-ci il tarixdə qalır. 2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaqdır. Azərbaycan Ermənistanı 44 gün ərzində məğlub edərək öz doğma torpaqlarını işğaldan azad etmişdir. Bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu, tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik.
Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Minsk qrupu çərçivəsində danışıqlar gedirdi. Ancaq danışıqlar heç bir nəticə vermədi. Faktiki olaraq, Ermənistan bu danışıqlarda, sadəcə olaraq, vaxt uzatmaq istəyirdi. Danışıqların imitasiyası prosesi gedirdi. 2003-cü ildə mən birinci dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə bəyan etmişdim ki, mənim üçün Prezident kimi əsas vəzifə torpaqlarımızı işğaldan azad etməkdir. Prezidentlik dövrümün birinci illərində müəyyən ümidlər var idi ki, bu məsələ sülh yolu ilə həll oluna bilər. Çünki hesab edirdim ki, beynəlxalq hüququn norma və prinsipləri gözəl zəmin yaradır, bilirdim ki, tarixi ədalət bizim tərəfimizdədir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin həlli üçün hüquqi əsas yaradırdı. Ancaq illər keçdikcə görürdüm ki, ümidlərimiz azalır və bunun səbəbi Ermənistanın fəaliyyəti idi, siyasəti idi, addımları idi. İllər keçdikcə daha aydın görünürdü ki, Ermənistan bu məsələni həll etmək istəmir. Ermənistan, sadəcə olaraq, bizim torpaqlarımızı işğal altında əbədi saxlamaq istəyir və danışıqlarda iştirak etməklə, sadəcə olaraq, görüntü yaradır ki, elə bil, danışıqlar prosesi gedir və beynəlxalq vasitəçilər də bu prosesdə iştirak edirlər. İllər keçdikcə ümidlərimiz azalırdı. Mən isə hər zaman deyirdim, son 17 il ərzində demək olar, bütün beynəlxalq tədbirlərdəki çıxışlarımda deyirdim ki, bu məsələnin həlli bizim üçün prioritetdir. Deyirdim ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Deyirdim ki, Azərbaycan heç vaxt imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Deyirdim ki, biz heç vaxt qondarma “Dağlıq Qarabağ respublikası”na müstəqillik verməyəcəyik. Heç vaxt orada hər hansı bir səsvermə keçirilməyəcəkdir. Bütün bunları mən deyirdim və bu mövqe getdikcə daha da möhkəmlənirdi. Eyni zamanda, açıq görürdüm ki, əgər biz güclü olmasaq, əgər əlimizdə güc olmasa, bu məsələni həll edə bilmərik. Biz birinci Qarabağ müharibəsində torpaqlarımızı nə üçün itirdik? Ona görə ki, o vaxtkı Azərbaycan rəhbərliyi öz vəzifə borcunu yerinə yetirə bilmirdi. 1992-ci ildə Şuşanın, Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi faktiki olaraq Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı və ondan sonra digər torpaqların işğalı qaçılmaz idi. Ordumuz demək olar ki, dağılmışdı, nizami ordu yaradılmamışdı, cəsarətli, qəhrəman övladlarımız, sadəcə olaraq, qəhrəman kimi vuruşaraq şəhid olurdular, torpaqlarımız əldən gedirdi. Gücümüz yox idi. Ona görə güc amili ön plana çıxdı. Bu gün artıq dəyişən dünyada güc amili demək olar ki, rəsmi qaydada ön plana çıxıbdır. Mən isə bunu hələ 10 il bundan əvvəl proqnozlaşdırırdım, ona görə güc toplamaq üçün bütün imkanlar səfərbər edildi. Güc isə iqtisadiyyatdır. İqtisadiyyat güclü olmasa hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz iqtisadi müstəqillik yaratmalı idik və yaratdıq. Artıq neçə ildir ki, Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir, heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil.
İqtisadi müstəqillik siyasi müstəqilliyimizi gücləndirdi, daha da cəsarətli siyasət aparıldı, müstəqil siyasət aparıldı. O siyasət ki, yalnız və yalnız Azərbaycan xalqının maraqlarına xidmət edir. Bu gün dünyada, dünya xəritəsində, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkələrin sayı o qədər də çox deyil. Azərbaycan onlardan biridir və Vətən müharibəsi bir daha onu göstərdi. Bütün çağırışlara, bütün təzyiqlərə rəğmən, biz istədiyimizə nail ola bilmişik. Düşməni torpaqlarımızdan qovmuşuq, hərbi yolla bu məsələni həll etmişik və ondan sonra Qələbəmizi siyasi yollarla daha da möhkəmləndirmişik.
Güc toplamaq üçün əlbəttə ki, düzgün siyasət aparılmalıdır. Son 17 il ərzində mənim fəaliyyətimdə ölkəmizin gücləndirilməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada getməsi əsas vəzifə idi. Heç bir təzyiq, heç bir təhdid məni bu yoldan döndərə bilmədi. Çünki bir amalım var idi – güclü Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək!
Biz bu illər ərzində böyük, nəhəng layihələri icra etdik. Bu layihələr bizə imkan verdi ki, biz iqtisadi inkişaf baxımından dünyada qabaqcıl yerlərdəyik. İqtisadi inkişafın templərinə görə son 17 il ərzində Azərbaycan dünya miqyasında birinci yerdədir. Eyni zamanda, biz öz siyasətimizlə Ermənistanı zəiflətməli idik və bunu gizlətmirdik. Mən bunu təkcə bu gün demirəm, 10 il bundan əvvəl demişdim, nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistanı bütün layihələrdən, bütün regional təşəbbüslərdən məhrum edəcəyik, onları təcrid edəcəyik və bunu etdik. Baxın indi Avrasiyanın enerji, nəqliyyat, kommunikasiya xəritələrinə, ölkələri birləşdirən bütün o yollar, ölkələr üçün böyük fayda gətirən layihələr Ermənistandan yan keçib. Kim bunu edib? Biz, təzyiqlərə baxmayaraq. Mən bir dəfə demişəm, bir daha demək istəyirəm ki, hətta Bakı-Ceyhan neft kəmərinin çəkilişi ilə bağlı bizə qarşı əsassız ittihamlar irəli sürülürdü. Sanki biz təbiəti burada çirkləndiririk, ekoloji tarazlığa ziyan vururuq. Nə üçün? Çünki bu layihəni dayandırmaq, yaxud da ki, bu layihəni Ermənistan ərazisindən həyata keçirmək üçün. O təqdirdə bizim əl-qolumuz bağlı olacaqdı, bizim bütün neft və ondan sonra qaz ixracımız Ermənistanın əlində olacaqdı. Mən buna razı ola bilərdim? Əlbəttə ki, yox! Ona görə də təzyiqlərə məruz qalırdım. Bəzi ölkələrin istəklərini yerə vururdum. Çünki bu istəklər bizim milli maraqlarımıza zidd idi və 44 gün davam edən müharibə göstərdi kim kimdir, kim kimin dostudur. Azərbaycan xalqı bunu yaxşı görür və bilir. Mən isə bunu çoxdan bilirdim. Ona görə, bütün şər-böhtana, bütün təzyiqlərə, bütün təhdidlərə hazır idim. Bir amalım var idi - güclü dövlət yaratmaq, torpaqlarımızı işğaldan azad etmək, ədaləti bərpa etmək!
Ermənistanı zəiflətmək üçün müxtəlif yollardan istifadə etdik və bütün bu yollar ictimaiyyətə təqdim edilirdi. Biz heç nəyi hansısa məxfi formatda etməmişdik. Demişdim ki, təcrid edəcəyik, etdik, neft kəmərləri, qaz kəmərləri, nəqliyyat yolları Ermənistandan yan keçdi, telekommunikasiya xətləri Ermənistandan yan keçdi, elektroenergetika layihələri Ermənistandan yan keçdi. Ermənistan mümkün olan gəlirlərdən məhrum edildi.
Digər tərəfdən, Ermənistanı beynəlxalq arenada ifşa etmək, onların işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırmaq başlıca vəzifələrimizdən biri idi və buna nail olduq. Son 17 il ərzində demək olar ki, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar, qətnamələr qəbul ediblər. BMT Baş Assambleyası, hətta Avropa Şurası və Avropa Parlamenti kimi hər zaman anti-Azərbaycan mövqeyində dayanan təşkilatlar da məcbur olub münaqişə ilə bağlı həqiqəti əks etdirən qətnamələr qəbul etmişlər.
Biz Qoşulmama Hərəkatına üzv olduq. Yadımdadır, o vaxt bəziləri bunu səhv addım kimi qiymətləndirirdi. Ancaq mən bilirəm ki, bu, düzgün addım idi. Üzv olan kimi, dərhal 120 ölkənin dəstəyi ilə münaqişəyə dair qətnamə qəbul etdirdik - bizim maraqlarımıza xidmət edən qətnaməni. Bu gün Qoşulmama Hərəkatının sədri kimi öz sözümüzü dünya miqyasında deyirik. Onu da bir daha demək istəyirəm ki, müharibə zamanı BMT Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı bizə sərf etməyən qərəzli anti-Azərbaycan təşəbbüslərinin qarşısının alınmasında Qoşulmama Hərəkatına üzv ölkələr öz sözünü dedi. Bu təşəbbüs baş tutmadı.
Biz İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələr qurduq. Tarixdə bu gün bu əlaqələr ən yüksək zirvədədir. İslam Əməkdaşlıq Təşkilatı bu münaqişə ilə bağlı düzgün, həqiqəti əks etdirən, beynəlxalq hüququ əks etdirən qətnamələr qəbul etdi. Biz müsəlman ölkələri ilə təmaslar əsnasında onlara erməni vəhşilikləri haqqında məlumat çatdırırdıq. Dağıdılmış, təhqir edilmiş məscidlərin şəkillərini mən öz həmkarlarıma göstərmişdim və sual verirdim ki, siz bundan sonra bu ölkə ilə necə əlaqələr qurursunuz? Bu şəkilləri görəndən sonra siz onlarla necə görüşürsünüz, onların əlini sıxırsınız? Axı, bütün bu vəhşiliklər təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı edilən cinayətdir.
Biz regionda qonşu ölkələrlə sıx münasibətlər qurduq. Çünki əvvəllər nədənsə hesab olunurdu ki, regionda Azərbaycanın ənənəvi müttəfiqləri var və Ermənistanın ənənəvi müttəfiqləri var. Biz bu konsepsiyanı darmadağın etdik. Bu gün qonşularımızın hamısı bizim yaxın dostlarımızdır. Bizim bütün qonşularımızla həm ikitərəfli, həm üçtərəfli formatda çox gözəl əməkdaşlığımız var. Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı var, Azərbaycan-İran-Türkiyə üçtərəfli formatı var, Azərbaycan-İran-Rusiya üçtərəfli formatı var. Ermənistanın hər hansı ölkələrlə bu formatı varmı? Yoxdur. Bu, bizim siyasətimizin düzgün olmasının bariz nümunəsidir. Biz Ermənistanı onların uzun illər saydıqları dayaq nöqtələrindən məhrum etdik. Çünki siyasətimizi düzgün qurmuşuq. Hər zaman öz siyasətimizi açıq aparmışıq. Heç bir ölkəyə qarşı heç bir avantürada yer almamışıq. Demişdim ki, Azərbaycan ərazisindən heç bir ölkəyə qarşı, o cümlədən, ilk növbədə, qonşulara qarşı heç bir təxribat xarakterli addım, təşəbbüs olmayacaq. Beləliklə, dünyada, regionda, qonşular arasında hörmət qazanmışıq və ölkəmizi gücləndirmişik. Bizimlə hesablaşmağa başlamışlar. Bizim sözümüzə inanırdılar və inanırlar. Həmişə demişəm, sözüm imzam qədər qüvvətlidir.
Ona görə, bütün bu amillər öz rolunu oynadı. Ermənistanın təqdim etdiyi saxta tarixi darmadağın etmişik, beynəlxalq tədbirlərdə dünya ictimaiyyətinə Kürəkçay sülh müqaviləsi haqqında kifayət qədər dolğun məlumat vermişik. Hər kəs gördü ki, erməni xalqı Qarabağ bölgəsində, sadəcə olaraq, son 200 il ərzində yaşayır, oraya köçürülüblər. Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmışıq və çatdırırıq. Xocalı haqqında son 17 ilə qədər kimsə danışırdı? Sanki belə bir cinayət olmayıb. Sanki bu soyqırımı olmayıb. Çünki Ermənistan bunu ört-basdır etməyə çalışırdı. Hətta bu hərbi cinayəti Azərbaycanın üstünə atmaq istəyir. Necə ki, Vətən müharibəsi dövründə Gəncəni və digər şəhərləri Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutandan sonra deyirdi ki, Azərbaycan bunu özü edib. Belə həyasız ölkə ola bilərmi? Belə vicdansız adamlar ola bilərmi? Görünür ki, ola bilər. Bu da Ermənistandır. Ona görə, Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün çox böyük səylər göstərdik - həm dövlət, həm Heydər Əliyev Fondu. Bu gün 13 ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyıb. Müharibə haqqında həqiqətləri, dağıdılmış şəhərlər, kəndlər haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdıq. Halbuki bizim o kəndlərə, şəhərlərə getmək imkanımız yox idi. Heç bir beynəlxalq təşkilat oraya getmirdi. UNESCO, hansı ki, bu gün bizə irad tutmağa çalışır, guya biz erməni dini abidələrini burada qoruya bilməyəcəyik. Halbuki bu, yalandır. Azərbaycanda bütün dinlərin abidələri qorunur. Bir dəfə gedib o torpaqlara? Bir dəfə Şuşa məscidində olub? Zəngilanda dağıdılmış məsciddə olub? Ağdam məscidində olub? Orada ermənilər donuz, inək saxlayırdılar. İndi bizə irad tuturlar.
Ermənistan oralara heç kimi buraxmırdı, heç kimi. Hətta Minsk qrupuna sədrlik edən ölkələrin səfirlərini buraxmırdı. Biz güc-bəla ilə iki dəfə nail olduq ki, Minsk qrupu işğal edilmiş torpaqlara faktaraşdırıcı missiya göndərsin. Sonuncu missiya on il bundan əvvəl getmişdi. Hər il mən bunlara deyirdim ki, niyə getmirsiniz? Gedin, oraya baxın, qanunsuz məskunlaşma gedir. Bizim bütün şəhərlərimiz, kəndlərimiz dağıdılır. Kəndlərimizin, şəhərlərimizin adları dəyişdirilir, tarixi abidələrimiz dağıdılır, yaxud da ki, erməniləşdirilir. Getmirdilər ki, Ermənistan buraxmır. Ermənistan kimdir ki, buraxmasın. Ona görə, bax, bütün bu işləri görərkən biz Qələbə günümüzü yaxınlaşdırırdıq. Əgər mənim əvvəlki çoxsaylı çıxışlarıma nəzər yetirsəniz, görərsiniz, demişdim ki, hər gün hər birimiz bu müqəddəs anı öz əməyimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırdıq, bu müqəddəs Qələbə anı gəldi.
Müharibənin qaçılmaz olması ilə bağlı artıq neçə ildir ki, regionun işləri ilə məşğul olan müxtəlif ekspertlər öz fikirlərini ifadə edirlər. Eyni zamanda, bütün bu illər ərzində bizə ünvanlanan sifarişlər arasında, necə deyərlər, bir tezis üstünlük təşkil edirdi ki, münaqişənin hərbi həlli yoxdur. Kimsə bunu ortalığa atıb. Mən təxminən bilirəm kim. Bütün başqa təşkilatlar, bu işə aidiyyəti olan - olmayan, bölgə məsələləri ilə məşğul olan – olmayan, hamı elə bir ağızdan deyirdi ki, münaqişənin hərbi həlli yoxdur.
Mən son illər ərzində bir çox ölkələrdə rəsmi səfərlərdə olmuşam - əlbəttə ki, həm bölgə ölkələrində və başqa ölkələrdə. Bütün bu səfərlər işıqlandırılıb. Bir çox hallarda heç bölgə ilə, bizim regionumuzla əlaqəsi olmayan hansısa həmkarım deyirdi ki, münaqişənin hərbi həlli yoxdur. Sən haradan bilirsən? Deyiblər ki, bax, bunu deməlisən İlham Əliyevə, müxtəlif dairələr deyiblər. Dünya idarəetməsində fəal rol oynayan ölkələr, dairələr bunu deyirdilər, belə demək lazımdır ki, bizi bu yoldan çəkindirsinlər, heç vaxt bu olmasın. Status-kvo əbədi qalsın, dəyişdirilməsin. Halbuki, bəzən də deyirdilər ki, status-kvo qəbuledilməzdir. Amma sonra bundan da, necə deyərlər, vaz keçdilər. Başladılar deməyə ki, status-kvo dayanıqlı deyil. Deməli, qəbulediləndir. Amma bizim üçün qəbuledilən deyildi. Biz Ermənistan, onun havadarları, onun himayədarları və ermənipərəst qüvvələr qarşısına təkbaşına çıxmışdıq. Təkbaşına! Heç kimi bizi bizə sərf etməyən sülh müqaviləsi variantına məcbur edə bilmədi. Halbuki bir neçə dəfə belə cəhdlər oldu. Bir neçə dəfə, hətta müəyyən saxtakarlıq edərək sənədlərin tərtibatında guya səhvlər olub deyə bizi hansısa varianta təhrik etməyə, sövq etməyə çalışırdılar. Amma keçmədi, keçməyəcəkdi. Çünki güclü iradə var idi və var. Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Torpaqlarımızın işğaldan azad edilməsi ən başlıca vəzifə idi və biz bu vəzifəyə, bu hədəfə doğru inamla addımlayırdıq.
Son illərdə vəziyyət gərginləşməyə başlamışdı. Artıq Ermənistan da öz niyyətini gizlədə bilmirdi. Çünki danışıqların mənası artıq faktiki olaraq itmişdi və təkcə bu son iki il ərzində yox, təqribən 5-6 il ərzində. Ermənistan işğal edilmiş torpaqlarda müntəzəm olaraq hərbi təlimlər keçirirdi. O hərbi təlimlər Ağdam rayonu ərazisində keçirilirdi. Ermənistan rəhbərliyinin sözlərinə görə, bu təlimlərdə 10 minlərlə canlı qüvvə iştirak edirdi. Bizim mövqelərimizə qarşı hücum təşkil edilirdi. Hərbi vertolyot hücum etmişdi və o vertolyot vuruldu. Bu da Ermənistana imkan verdi ki, bunu bəhanə gətirərək desin, bəli, Azərbaycan bizim vertolyotumuzu vurdu, indi danışıqlar dayanmalıdır. Hər dəfə müəyyən irəliləyişə imkan yarandıqca, belə təxribatlara əl atırdılar.
Aprel döyüşləri Ermənistana dərs olmadı. Bir neçə gün davam edən Aprel döyüşləri kiçik də olsa, bizim qələbəmizlə nəticələndi. Ermənistan məcbur oldu, yerinə oturduldu, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik, göstərdik ki, bizi heç kim və heç nə yolumuzdan döndərə bilməz, çəkindirə bilməz. Amma dərs olmadı onlara. Aprel döyüşlərindən sonra Ermənistanın o vaxtkı rəhbərliyi demək olar, söz vermişdi ki, işğal edilmiş torpaqlardan çıxacaq. Bu, həqiqətdir. Amma sonra orada ya özləri təşkil etmişdilər, ya doğrudan da belə hadisə baş verdi, polis bölməsi zəbt edildi, terrorçu qrup orada terror aktı törətdi və ondan sonra Ermənistan rəhbərliyi dedi ki, görürsünüz, burada vəziyyət gərgindir, biz bunu edə bilmirik. Bizi aldatdılar. 2018-ci ildə Günnüt əməliyyatı - Naxçıvan əməliyyatı da bizim uğurlu əməliyyatımız idi. Biz böyük ərazini götürdük, işğaldan azad etdik və strateji yüksəklikləri zəbt etdik. Yenə də dərs olmadı. Yəni, biz onlara şans verirdik. 2018-ci ildə Ermənistanda, - indi bəziləri buna inqilab deyir, bəziləri çevriliş deyir, özləri bilərlər, - dəyişiklik baş verdi, ümidlər oyandı və bu ümidlər əsassız deyildi. Mən dərinə getmək istəmirəm. Biz ümid edirdik ki, yeni rəhbərlik keçmiş səhvlərdən təmizlənəcək və bu məsələ öz həllini tapacaq. Amma bu da baş vermədi. Demək olar ki, bir ildən sonra bizə qarşı qəbuledilməz addımlar atıldı, bizi faktiki olaraq aldatdılar, öz daxili problemlərini həll etmək, daxili müxalifəti əzmək, həbs etmək üçün vaxt uddular. Ondan sonra nə oldu, Azərbaycan xalqı yaxşı bilir. Qəbuledilməz bəyanatlar, Azərbaycan xalqının təhqir edilməsi, yersiz hərəkətlər, biabırçı addımlar, bəyanatlar və təxribat xarakterli hərbi əməliyyatlar - iyul ayında, avqust ayında və nəhayət, sentyabrın 27-də. Mən dedim yetər artıq, irəli! 44 gün ərzində düşmənin ordusu məhv edildi. Bu gün Ermənistan ordusu yoxdur.
Müharibə dövründə mən əziz xalqımı müharibə ilə bağlı müntəzəm olaraq məlumatlandırırdım. Müharibənin gedişatı xalqımızın gözü qabağında keçirdi. Müharibədən sonra bəzi əməliyyatlar haqqında, bəzi qərarlar haqqında müəyyən məlumat da verilir. Bu məsələyə çox vaxt ayırmaq istəmirəm. Amma 44 gün ərzində Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın etdi. Bizim qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Düzgün planlaşdırılmış və həyata keçirilmiş əməliyyatlar sayəsində, texniki imkanlardan istifadə edərək, qəhrəman övladlarımızın qəhrəmanlığına, rəşadətinə söykənərək biz mümkün olmayanı etdik, düşməni məhv etdik, düşmən ağ bayraq qaldırdı, düşmən diz çökdü. Üç yüzdən çox şəhər və kəndlərimizi işğaldan azad edəndən sonra, qədim Azərbaycan şəhəri, hamımız üçün doğma olan Şuşanı və ardınca bir çox kəndləri azad edəndən sonra düşmən tam təslim oldu, kapitulyasiya aktına imza atdı və işğalda olan digər torpaqlardan geri çəkilməyə məcbur oldu.
Müharibə arxada qaldı. Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq. Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq.
Azərbaycan Ermənistanı məğlub etdi. Bunu bütün dünya gördü, bu, dünyanın gözü qarşısında baş verdi. Heç kimi bizi dayandıra bilmədi. Demişdim ki, sona qədər gedəcəyik, tarix versinlər bizə, tarix versinlər ki, işğalçı Ermənistan dövləti bizim torpaqlarımızdan nə vaxt çıxacaq. Tarix veriləndən sonra biz hərbi əməliyyatlarımızı dayandırdıq.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Hər il mən xalqa müraciət edərkən dünya azərbaycanlılarını bu gün münasibətilə və Yeni il münasibətilə təbrik edirəm. Bu dəfə isə bu təbrikin xüsusi önəmi var. Mən bilirəm ki, dünyada yaşayan azərbaycanlılar müharibə dövründə Azərbaycanda gedən prosesləri, müharibəni yaxından izləyiblər. Onlar öz dəstəyini ifadə edirdilər. Mənə göndərilən minlərlə məktub arasında xaricdə yaşayan azərbaycanlılardan da kifayət qədər çox məktublar vardır. Onlar həm mənəvi dəstək göstərdilər, həm də həmrəylik göstərdilər. Bu gün onlara müraciət edərək deyirəm, siz fəxr etməlisiniz və fəxr edə bilərsiniz ki, qəhrəman Azərbaycan xalqının övladlarısınız. Bu gün hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı və xaricdə yaşayan soydaşlarımız haqlı olaraq fəxr edə bilərlər ki, biz müzəffər xalqın övladlarıyıq, nümayəndələriyik.
Mən bütün soydaşlarımızı bu bayram münasibətilə təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqını, ilk növbədə, tarixi Zəfər münasibətilə təbrik etmək istəyirəm. Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!
Əziz bacı-qardaşlarım, sizi Yeni il münasibətilə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqını böyük Zəfər münasibətilə təbrik edirəm. İstərdim ki, Yeni il ərəfəsində hamımız birlikdə bizi Qələbəyə aparan şüarı deyək: Qarabağ Azərbaycandır!