Prezident İlham Əliyev Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında Fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmanda deyilir:
"İnformasiya texnologiyalarının davamlı təkamülü, informasiyanın və informasiya sistemlərinin qloballaşması dövlətin və cəmiyyətin tərəqqisinə xidmət edən mühüm vasitəyə çevrilmişdir. Azərbaycan Respublikasında da informasiya texnologiyaları əsasında dövlət əhəmiyyətli məsələlərin həlli üçün müvafiq informasiya infrastrukturu yaradılmaqdadır. Həmin infrastrukturun qlobal informasiya şəbəkələrinə, o cümlədən internet şəbəkəsinə daxil edilməsi infrastruktur obyektlərinin kiberhücumların hədəfinə çevrilməsinə səbəb olur.
Dövlətin, cəmiyyətin və vətəndaşların maraqları baxımından vacib hesab edilən məsələlərin həlli məqsədilə yaradılan kritik informasiya infrastrukturuna daxil olan sistem və şəbəkələrin sıradan çıxarılması və ya funksionallığının pozulması ciddi ziyan vurulması ilə nəticələnir ki, bu da kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyinə prioritet məsələ kimi baxılmasını zəruri edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun və onun tərkibinə daxil olan informasiya sistemlərinin, informasiya-kommunikasiya şəbəkələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki, kritik informasiya infrastrukturunun (mühafizə olunan şəxslərin və qorunan obyektlərin informasiya infrastrukturu istisna olmaqla) təhlükəsizliyinin təmin edilməsi, o cümlədən kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, dövlət orqanlarına, dövlətə məxsus olan hüquqi şəxslərə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərə münasibətdə həmin funksiyaları Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsinin hüquqi tənzimlənməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təklifləri əsasında üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin".