Ötən il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən, bələdiyyələrin 172 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.
FED.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov bildirib. Onun sözlərinə görə, həmin protokollar üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 6 inzibati xəta protokoluna xitam verilib, 28 protokola isə baxılmaqdadır.
Bələdiyyələr tərəfindən yol verilən pozuntuları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə yerli özünüidarəetmə sahəsini tənzimləyən müvafiq qanunvericilik aktları təhlil edilib, mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsi üçün təkliflər paketi hazırlanaraq 13 qanun və 2 fərman layihəsi Nazirlər Kabinetinə göndərilib. Hazırda aidiyyəti dövlət orqanlarından layihələrə verilmiş rəy və təkliflər öyrənilərək bu istiqamətdə işlər davam etdirilir.