İtaliya bazarı Azərbaycan üçün çox maraqlıdır və iki ölkə birgə yeni layihələr, o cümlədən hərbi istehsalın qurulması üzərində işləyirlər.
“Ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil edib”
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Ciorcia Meloninin Bakıyə səfəri zamanı prezident İlham Əliyevlə görüşlərdən sonra mətbuat açıqlamasında məlum olub. Dövlət başçısının sözlərindən məlum olub ki, Azərbaycanın əsas investoru olan Neft Fondu bu ölkəyə indiyədək 3 milyard dollar yatırıb.
«İtaliya bazarı bizim üçün çox maraqlıdır. İtaliya iqtisadiyyatı xanım Baş nazirin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunmuşdur».
Dövlət başçısı açıqlayıb ki, İtaliya ilə sərmayələrin yeni istiqaməti hərbi istehsal ola bilər. «Bizim yeni əməkdaşlıq sahəmiz olan hərbi-texniki əməkdaşlıq ümidvericidir. Bu gün bu barədə də danışıldı. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də geniş danışılıb».













