Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün müharibə əlillərinə “Xəzər” markalı 40 avtomobil təqdim edilib.
Nazirlikdən FED.az-a verilən məlumata görə, tədbirdə Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Prezident İlham Əliyevin həssas əhali qruplarına qayğısından bəhs edib.
H.Məmişov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verilib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti təqdim edilib. Ümumilikdə isə Nazirlik ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanları 7000-dən çox minik avtomobili ilə təmin edib.
Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı işlərindən də bəhs edilib. Qeyd olunub ki, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 1050-dən çoxu verilib.
Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9000-ə yaxın mənzil və fərdi ev verilib.
Avtomobillə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin uğurlu sosial siyasətindən, şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğısından razılıqla bəhs edərək, bu gün avtomobillə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.