İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində əməkdaşların xidməti davranışını, intizam məsuliyyətini və rəhbərlərlə münasibətlərini tənzimləyən daxili qaydalar təsdiqlənib.
Büdcəyə yığılan hər 100 manat üçün 1,2 manat xərclənir – VERGİ XİDMƏTİ AÇIQLADI
FED.az xəbər verir ki, müvafiq sənəd Dövlət Vergi Xidmətinin 23 oktyabr 2026-cı il tarixli əmri ilə təsdiq edilib.
Yeni qaydalara əsasən, vergi orqanlarının əməkdaşları açıq-aşkar qanunazidd əmr və ya göstəriş aldıqda qanunvericiliyi rəhbər tutmalı və bu barədə yuxarı rəhbərliyə məlumat verməlidirlər. Belə əmrin icrasından imtina əməkdaş üçün məsuliyyət yaratmır. Əksinə, qanunsuz əmri icra edən şəxslər qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
Sənəddə vergi ödəyicilərinin məlumatlarının qorunmasına da xüsusi yer ayrılıb. Vergi əməkdaşları xidməti fəaliyyətləri zamanı əldə etdikləri kommersiya və vergi sirlərinin, eləcə də fərdi məlumatların məxfiliyini təmin etməli, onlardan şəxsi maraqları və xidməti fəaliyyətdənkənar məqsədlər üçün istifadə etməməlidirlər.
Qaydalar əməkdaşların işdənkənar davranışlarını da əhatə edir. Belə ki, vergi orqanlarının əməkdaşları şəxsi həyatlarında Dövlət Vergi Xidmətinin nüfuzuna zərər vura və ya qurumu nüfuzdan sala biləcək davranışlara yol verməməli, etik dəyərlərə riayət etməlidirlər.
Bununla yanaşı, rəhbər vəzifəli şəxslərin tabeliklərindəki əməkdaşlara qarşı şəxsi münasibətlər zəminində himayəçilik və ayrı-seçkilik etməsi, onları xidməti fəaliyyətdənkənar işlərə cəlb etməsi qadağan olunur.
İntizam qaydalarını pozan əməkdaşlar barəsində tənbeh tədbirləri tətbiq edilə bilər. Bununla belə, intizam tənbehi verilməzdən əvvəl əməkdaşdan yazılı izahat tələb olunmalıdır. Əməkdaşın izahat verməkdən imtinası tənbehin tətbiqini istisna etmir.
Qaydalara əsasən, əməkdaşlar barələrində qəbul edilən qərarlardan yuxarı orqana və ya məhkəməyə şikayət etmək hüququna malikdirlər. İntizam tənbehi barədə əmrlərdə əməkdaşın şərəf və ləyaqətini alçaldan, yaxud qisas motivli məlumatların göstərilməsinə yol verilmir.
https://www.taxes.gov.az/uploads/2026/qanun/2617140101697100Q.pdf













