Dövlət orqanlarının idarəetməsində olan dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslər, eləcə də onların təsisçisi və ya iştirakçısı olduğu hüquqi şəxslərin satınalmaları ilə bağlı yeni qayda tətbiq ediləcək.
"E-tender" portalı vasitəsilə sahibkarlar üçün inzibati prosedurlar sadələşdirilir
FED.az xəbər verir ki, bu məsələ Milli Məclisin oktyabrın 23-də keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum və həmin qurumun idarəetməsinə verilən dövlət müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslər, eləcə də onların təsisçisi və iştirakçısı olduğu hüquqi şəxslər tərəfindən Azərbaycanın dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla, digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və ya xidmətlərə “Dövlət satınalmaları haqqında” Qanun şamil edilməyəcək.
Yuxarıda nəzərdə tutulan hüquqi şəxslər tərəfindən malların, işlərin və ya xidmətlərin satın alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq ediləcək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.














