Müasir dövrdə informasiya məkanında sosial şəbəkələrin rolu getdikcə artmaqdadır. Bu baxımdan dövlət qurumlarının rəsmi internet saytları ilə yanaşı sosial şəbəkələrdəki rəsmi səhifələri də informasiya təminatı və vətəndaş müraciətlərinin çevik cavablandırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
İlk dövrlər sosial şəbəkələr arasında Facebook daha populyar olsa da, sonradan Twitter daha çox rəsmi və ciddi akademik dairələrin informasiya məkanına çevrilib. Bu gün dünyanın əksər ölkələrində həm ayrı-ayrı rəsmilərin, həm də dövlət qurumlarının və şirkətlərin Twitter hesabı ən operativ ilkin informasiya mənbəyi hesab olunur.
Azərbaycanda da dövlət qurumlarının bir çoxunun Twitter səhifəsi mövcuddur. Ölkəmizdə ilk Twitter səhifəsi yaradan dövlət orqanı 2011-ci ilin aprel ayında Prezident Administrasiyası olmuşdur. Hazırda Xarici İşlər, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət, Rabitə və Yüksək Texnologiyalar, Vergilər, Müdafiə, Gənclər və İdman, Səhiyyə, Maliyyə, Energetika, İqtisadiyyat nazirliklərinin, Diasporla iş üzrə, Dini qurumlarla iş üzrə, Ailə, Qadın və Uşaq Problemləri üzrə, Gömrük, Əmlak Məsələləri Dövlət Komitələrinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Neft Şirkətinin, Neft Fondunun, ASAN xidmətin Twitter səhifəsi fəaliyyət göstərir.
Doğrudur, bunlardan bəziləri passiv təsiri bağışlayır, bir neçəsi isə uzun müddətdir ki heç bir paylaşım etmirlər.
Bir sıra dövlət qurumlarının isə ümumiyyətlə Twitter hesabları mövcud deyil.
Bu mənada uzun illər müasir dövr informasiya resurslarından istifadə etməyən Nazirlər Kabinetinin Twitter səhifəsinin (@AzerbaijanNK) yaradıması xoş bir yenilikdir. Qeyd etmək lazımdır ki, Baş nazir Novruz Məmmədovun şəxsi Twitter hesabı 2011-ci ilin aprel ayından fəaliyyət göstərir.