Nəqliyyat vasitələrinin qeydiyyatına (daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə dövlət rüsumunun dərəcəsinin 10 manat olduğu halın əhatə dairəsi konkretləşdirilir.
FED.az xəbər verir ki, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında birinci oxunuşda müzakirə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Dövlət rüsumu haqqında” təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bu hal istisna ilə avtonəqliyyat vasitələri üçün dövlət rüsumunun məbləği 10 manat olub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib ki, minik avtomobillərinin özgəninkiləşdirilməsi ilə bağlı dövlət rüsumu hər il Nazirlər Kabineti tərəfindən müəyyən olunur: “Bu, ləğv olunur. Bu rüsum hər il deyil, qanunla birdəfəlik müəyyən olunacaq. Eyni zamanda minik avtomobillərinin yaxın qohumlara (ər, arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halı ilə əlaqədar, habelə bu qanunda nəzərdə tutulmayan digər hallarda isə avtonəqliyyat vasitələri üçün dövlət rüsumunun məbləği 10 manat olacaq”. (Apa)