Bu gün Nazirlər Kabineti 2024-cü ildəki fəaliyyəti haqqında geniş hesabatla Milli Məclis qarşısında çıxış edib.
Baş nazir hökumət qarşısındakı 3 çağırışı açıqlayıb
FED.az xəbər verir ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyətinə dair hesabatı oxuyub.
Hörmətli deputatlar!
2024-cü il Azərbaycanın müasir tarixinə əlamətdar siyasi hadisələrin baş verdiyi, möhtəşəm nailiyyətlərin əldə edildiyi il kimi yazıldı. Ötən il Vətənimizin müstəqillik tarixində ilk dəfə olaraq bütün suveren ərazimizdə növbədənkənar prezident seçkiləri və növbədənkənar parlament seçkiləri keçirildi.
Prezident seçkilərinin nəticələri Ulu Öndərin layiqli davamçısı olan cənab İlham Əliyevin Prezident kimi Vətənə, xalqa və dövlətçiliyə həsr edilmiş 20-illik misilsiz xidmətlərinə xalq tərəfindən verilən yüksək qiymətin bariz nümunəsinə çevrildi.
Tam suveren Azərbaycanın ilk parlament seçkiləri də çox uğurla keçdi və sədri Prezident İlham Əliyev olan Yeni Azərbaycan Partiyasına xalqımızın inamını növbəti dəfə nümayiş etdirdi.
Dövlət başçısının rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən uğurlu siyasət 2024-cü ildə də müasir Azərbaycanın hərtərəfli tərəqqisinə və güclənməsinə, sosial-iqtisadi sahədə davamlı inkişafın təmin olunmasına, ölkəmizin regional mövqeyinin möhkəmləndirilməsinə, beynəlxalq münasibətlər sistemindəki rolunun artmasına xidmət etmişdir.
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü ildə ölkəmizin həyatında mühüm hadisələrdən biri dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən olan COP29-un keçirilməsi oldu.
80 ölkənin dövlət və hökumət başçılarının bu beynəlxalq tədbirdə iştirakı və müstəsna önəm daşıyan qərarların qəbul edilməsi Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha bütün dünyaya nümayiş etdirdi.
2024-cü il həm də müstəqillik tariximizdə növbəti əlamətdar diplomatik hadisə ilə yadda qaldı. Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçildi. Təbii ki, bu, beynəlxalq aləmdə ölkəmizin artan nüfuzundan xəbər verir.
Hörmətli deputatlar!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində söylədiyi kimi: 2024-cü il iqtisadi inkişaf baxımından uğurlu il olmuşdur və Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir.
Əlbəttə ki, bütün bunların təməlində cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə aparılan düşünülmüş siyasət dayanır.
Hesabat ilində ölkədə:
-
126.3 mlrd. manatlıq və ya 2023-cü illə müqayisədə real ifadədə 4,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur.
-
2024-cü ildə ÜDM istehsalı neft-qaz sektorunda 0,3%, qeyri neft-qaz sektorunda isə 6,2% artmışdır.
-
qeyri neft-qaz sənayesi 7,3% artmışdır.
-
əhalinin hər nəfərinə düşən ÜDM isə 3,6% artaraq 12,4 min manat (7,3 min ABŞ dolları) təşkil etmişdir.
2024-cü ildə xarici ticarət dövriyyəmiz təxminən 47.4 mlrd. ABŞ dollarına çatmış, müsbət ticarət saldosu 5.3 mlrd. dollar olmuşdur. Qeyri-neft ixracı 3,3 mlrd. dolları üstələmişdir.
2024-cü ildə ölkənin strateji valyuta ehtiyatları 2.5 mlrd. dollar (və ya 3.7%) artaraq 71 mlrd.dollar (hazırda 73 mlrd.dollar) təşkil etmişdir və xarici dövlət borcunu 14 dəfə üstələyir.
İlin sonuna xarici dövlət borcunun məbləği 20,6% azalaraq 5,1 mlrd. dollar olmuş və ÜDM-in cəmi 6,9%-ni təşkil etmişdir.
Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyi, makro-fiskal və monetar siyasətlə bağlı qərarlar inflyasiyaya azaldıcı təsir etmişdir.
Hesabat ilində illik inflyasiya hədəf diapazonu daxilində olmuşdur. Belə ki, 2024-cü ilin dekabr ayında 12 aylıq inflyasiya 4,9%, orta illik inflyasiya isə 2,2% olmuşdur.
2024-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 37.2 mlrd. manat (102% icra), xərcləri isə 37,7 mlrd. manat (95% icra) təşkil etmişdir.
Beləliklə, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi - maliyyə sabitliyi və inflyasiyanın aşağı birrəqəmli səviyyəsi təmin edilmişdir.
Maliyyə vəziyyətimizin yaxşılaşması nəticəsində qeyri-neft sektorunda iqtisadi fəallığın təmin edilməsi, sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması, vergi-gömrük güzəştləri, biznes-investisiya mühitinin yaxşılaşdırılması, habelə dövlətlə özəl sektor arasında birgə maliyyələşdirmə istiqamətində kompleks işlər davam etdirilmişdir.
İnvestisiya təşviqi ilə bağlı yeni mexanizmlər əsasən regionların inkişafına və investisiya potensialının artırılmasına yönəldilmişdir.
2024-cü ildə sənaye zonalarında 3,3 mlrd. manat dəyərində məhsul istehsal olunmuş, ondan 1,1 mlrd. manat həcmində məhsul ixracı edilmişdir.
Hesabat ilində institusional sahədə islahatlar davam etmiş, iqtisadiyyatda rəqabət mühitinin yaxşılaşdırılması, korrupsiya ilə mübarizə və kölgə iqtisadiyyatının məhdudlaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.
Hörmətli deputatlar!
2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusən də aztəminatlı təbəqənin alıcılıq qabiliyyətinin və real gəlirlərinin yüksəldilməsi məqsədilə sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunmuşdur.
2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39%-i və ya 14,6 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir.
2024-cü ildə orta pensiya məbləği 12% (494 manat), yaşa görə pensiya 11,3% (528 manata) artmış, yaşayış minimumu ölkə üzrə 270 manat müəyyən edilmişdir (9,8% artım). Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 475 manat olmuşdur.
Cənab Prezidentin davamlı islahatları çərçivəsində sosial məsələlərin həllinə daim diqqət göstərilir. Yanvarın 1-dən sosial sahədə növbəti artımlarla bağlı qərarlar qəbul olunmuşdur.
Ümumiyyətlə, son bir neçə il ərzində 4 sosial paket həyata keçirilib və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərclənib.
Bundan sonra da Hökumətin əsas vəzifələrindən biri sosial və iqtisadi inkişafın paralel həyata keçirilməsidir.
Ötən il 800 mənzil şəhid ailələri, müharibə əlillərinə və həssas təbəqədən olan digər şəxslərə verilmişdir, habelə 93 avtomobil müharibə əlillərinə təqdim edilmişdir.
Həmçinin, hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 mln. manat vəsait ayrılmışdır.
Əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı 100 mln. manat vəsait ayrılmışdır.
Bununla yanaşı qəzalı binalarla bağlı problemlərin həlli, o cümlədən inventarizasiya və mənzil köçürülməsi işləri aparılmışdır. Bu istiqamətdə 2025-ci ilin dövlət büdcəsində 50 mln. manat vəsait nəzərdə tutulmuşdur.
Ümumiyyətlə qeyd edim ki, 2024-cü ildə tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın məbləği ümumi investisiyanın 72,4%-ni təşkil edərək 15,5 mlrd. manat olmuşdur.
Hörmətli deputatlar!
Hesabat ilində səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə əhalinin icbari tibbi sığortalanması və bu sahədə bir sıra dövlət proqramlarının icrası üzrə büdcədən 1 milyard 368 milyon. manat vəsait ayrılmışdır (artım 8,2%).
Hökumət tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə qarşıdakı dövrdə tibbi xidmətlər zərfinin genişləndirilməsi nəzərdən keçirilir.
Hesabat ilində təhsilin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın artırılması, əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin təşkili, beynəlxalq rəqabətliliyin təmin edilməsi, rəqəmsallaşma və innovasiyaların inkişafı istiqamətində tədbirlər həyata keçirilmişdir.
Təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsil xərclərinə 4 milyard 550 milyon manat vəsait ayrılmışdır (artım 10,3%).
2024-cü ildə investisiya xərcləri hesabına 57 təhsil müəssisəsində tikinti işləri aparılmışdır.
Xüsusi vurğulamaq istərdim ki, ötən il işğaldan azad olunmuş ərazilərdə ilk ali təhsil müəssisəsi - Qarabağ Universiteti fəaliyyətə başladı.
Xankəndi şəhərində yerləşən bu universitetdə hazırda 6 fakültə var, 27 ixtisas üzrə 1154 nəfər tələbə təhsil alır və 160 nəfər çalışır.
Hörmətli deputatlar!
Əsas vəzifələrdən olan ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması (özünütəminetmə səviyyəsinin yüksəldilməsi) və qiymətlərin stabil saxlanılması məqsədilə müvafiq dəstək tədbirləri həyata keçirilmişdir.
Kənd təsərrüfatı sahəsində dövlət büdcəsinin vəsaiti hesabına məhsul istehsalçılarına subsidiyaların verilməsi və digər güzəştlərin tətbiqi davam etdirilmişdir.
Belə ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 487,4 mln. manat vəsait ayrılmışdır.
Təbii olaraq kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan su problemlərinin həlli, torpaq ekosisteminin mühafizəsi Hökumət qarşısında duran mühüm çağırışlardan biridir.
Ölkə ərazisində mövcud olan su ehtiyatlarından səmərəli istifadə edilməsi, fermerlərin suvarma suyu ilə təchizatı, suvarma sahələrinin genişləndirilməsi və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyə təminatı üçün 540 mln. manat məbləğində vəsait yönəldilmişdir.
Hesabat ilində respublika üzrə kənd təsərrüfatı bitkiləri 1 milyon 453 min hektar sahədə orta hesabla 3,3 dəfə suvarılmışdır.
Cənab Prezident tərəfindən 2024-cü il 10 oktyabr tarixində ölkədə su ehtiyatlarının artırılması, su itkilərinin azaldılması, su sahəsində infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi tədbirlərini nəzərdə tutan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” sənədi imzalanmışdır.
Hörmətli deputatlar!
Möhtərəm Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bütün sahələrdə bərpa-quruculuq işləri uğurla davam edir.
Hesabat ilinin sonunadək işğaldan azad edilmiş ərazilərdə 10.2 mindən çox keçmiş məcburi köçkün (2615 ailə) artıq evlərlə təmin edilmiş və orada yaşayırlar. Ümumilikdə isə 30 min insan bu ərazilərdə yaşamaqla müxtəlif sahələrdə çalışırlar.
Bununla yanaşı keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən 329 mln. manat vəsait yönəldilmişdir.
İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulması prioritet təşkil edir.
Ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 mlrd. manat vəsait ayrılmışdır, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat.
2025-ci ildə 4 mlrd. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Eyni zamanda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan ərazisində kənd təsərrüfatı məhsulları istehsalı və emalının inkişafı, elektrik enerjisi istehsalının, ticarətin və sənayenin inkişafı, infrastruktur təminatının yaxşılaşdırılması, nəqliyyat-tranzit potensialının artırılması istiqamətində layihələr həyata keçirilmişdir.
Martın 5-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin açılışını xüsusi qeyd etmək istərdim. Mühüm əhəmiyyətə malik bu layihə Naxçıvanın enerji təhlükəsizliyini və təminatını daha da gücləndirəcək.
Hörmətli deputatlar!
Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, dövlət sərhədlərinin mühafizəsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbir və layihələrin icrası 2024-cü ildə də prioritet xərclər sırasında birinci olmuşdur.
Bu məqsədə 2024-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 6 milyard 562 milyon manat vəsait ayrılmışdır (2023-cü illə müqayisədə 707 mln. manat və ya 12% çox).
İşğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri aparılmışdır. 2024-cü ildə 62 min hektar, ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmişdir.
2025-ci ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.
Hörmətli deputatlar!
Prezident İlham Əliyevin uğurlu enerji siyasətinin nəticəsində son illərdə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolu daha da güclənmişdir.
Hesabat ilində elektroenergetika sahəsində infrastrukturun modernizasiyası, enerji təhlükəsizliyinin təmin edilməsi, ölkənin enerji sisteminə yeni generasiya güclərinin daxil edilməsi, habelə yaşıl enerjinin tətbiqi istiqamətində tədbirlər davam etdirilmişdir.
2024-cü ildə enerji istehsalı 28,4 mlrd. kVts təşkil etmiş, istehlak həcmi isə 24,2 mlrd. kVts-a yüksəlmişdir.
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə imzalanmış müqavilə çərçivəsində 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyalarının və 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyasının 2024-cü ildə təməli qoyulmuşdur.
Digər xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində hər biri 240 MVt-lıq Şəfəq günəş və Xızı-Abşeron külək elektrik stansiyalarının tikintisi davam etdirilir.
COP29 çərçivəsində Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi yaradılmış və enerji sahəsində xarici tərəfdaşlarımızla birgə həyata keçirdiyimiz layihələr üzrə beynəlxalq sazişlər imzalanmışdır.
Cənab Prezidentin tapşırığı ilə Hökumət qarşısında mühüm vəzifələrdən biri də Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatının ixrac coğrafiyasının genişləndirilməsidir.
Hazırda bu kəmər vasitəsilə qazımızı alan ölkələrin sayı 12-ə bərabərdir.
Hesabat ili ərzində 29,1 milyon ton neft, 50,6 milyard kubmetr qaz hasil edilmişdir. Neftin 24,4 milyon tonu, qazın isə 25,5 milyard kubmetri ixrac edilmişdir.
2024-cü ildə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin və tranzit potensialının artırılması üçün bir çox layihələr reallaşdırılmışdır.
2024-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 mln.ton olmuşdur. Bu yüklərin 57%-ni tranzit yüklər təşkil etmişdir.
Şərq-Qərb istiqamətində Orta Dəhlizin əsas komponentlərindən biri olan Bakı-Tbilisi-Qars xətti 2024-cü ilin may ayında tamamlanaraq istismara verilmiş, xəttin illik yükaşırma həcmi 1 mln. tondan 5 mln. tona çatdırılmışdır.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzərində yerləşən ölkələr ilə sıx əməkdaşlıq nəticəsində dəhlizin ötürmə qabiliyyətinin artırılması istiqamətində artıq konkret işlərə başlanılmışdır.
Ötən il ölkədə avtomobil və dəmir yollarının, həmçinin yol infrastrukturun tikintisi, yenidən qurulması və bərpası davam etdirilmişdir.
İl ərzində ölkə üzrə 460 km, o cümlədən regionlarda 376 km respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilmiş və əsaslı təmir olunmuş, 470 km dəmir yolu xətti yenidən qurulmuş, 168 dəmir yolu tuneli və ya körpüsü tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Hörmətli xanım sədr! Hörmətli deputatlar!
Bu gün Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Məhz bu prinsiplər (və bu il Konstitusiyanın qəbul olunmasının 30 illiyi) nəzərə alınaraq 28 dekabr 2024-cü il tarixində cənab Prezidentin imzaladığı Sərəncamla 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.
Dövlətimizin başçısının dediyi kimi, “2024-cü il bütövlükdə qarşıya qoyulmuş bütün məsələlərin öz həllini tapdığı, ölkənin inamla inkişaf etdiyi və beynəlxalq nüfuzunun böyük dərəcədə artdığı, iqtisadiyyatda müsbət inkişafın olduğu və hərbi gücümüzün artdığı, habelə sabitliyin hökm sürdüyü uğurla başa vurulan bir il olmuşdur”.
Hörmətli xanım sədr, hörmətli deputatlar!
Ötən il Hökumətin hesabatı diqqətinizə təqdim edildikdən sonra ümumilikdə deputatlar tərəfindən müxtəlif məsələlər üzrə 151 müraciət daxil olmuşdur, o cümlədən 34-ü humanitar, 31-i iqtisadi, 23-ü sosial, 22-i nəqliyyat və yol infrastrukturu, 15-i tikinti, 14-ü kommunal, 5-i qanunvericilik, 4-ü təhlükəsizlik, 3-ü isə digər sahələrə aid olmuşdur.
Bunlardan 57 müraciət üzrə qaldırılan məsələlər tam, 48 müraciət üzrə isə qismən icra edilmiş və yaxın zamanlarda icranın başa çatdırılması nəzərdə tutulmuşdur. Digər 46 məsələnin icrası istiqamətində işlər hazırda davam etdirilir.
Hörmətli xanım sədr, hörmətli deputatlar!
Hökumət üzvlərinin adından və öz adımdan Sizləri əmin etmək istərdim ki, bundan sonra da bu müsbət inkişaf dinamikasının saxlanılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında Hökumət böyük əzmlə və şərəflə çalışacaqdır.
2025-ci ildə qanunvericilik sahəsindəki məsuliyyətli fəaliyyətinizdə Sizlərə yeni uğurlar arzu edirəm.
Həmçinin qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə hər birinizi ürəkdən təbrik edir, cansağlığı və xoşbəxtlik arzulayıram.
Fürsətdən istifadə edərək, hörmətli Sahibə xanım, Sizi qarşıdakı əlamətdar yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Əminəm ki, qanunvericilik fəaliyyəti sahəsində zəngin təcrübənizlə Siz bundan sonra da Milli Məclisin Sədri vəzifəsini layiqincə yerinə yetirəcəksiniz.
Sizə möhkəm cansağlığı, işlərinizdə daim uğurlar arzulayıram.