«Ümid edirəm ki, işlər NATO ilə Rusiya arasında açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacaq».
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bildirib.
Müsahibədə rusiyalı jurnalist Azərbayanla Rusiya arasında müttəfiqlik münasibətləri və müqaviləsinin olduğunu, eyni zamanda NATO-nun Rusiya ilə müharibəyə hazırlaşması barədə məlumatları xatırladaraq Azərbaycanın bu vəziyyətdə planları ilə maraqlanıb.
«Rusiya üçün indi müharibə dövrüdür. NATO-da bildirirlər ki, blok yaxın 5-7 il ərzində Rusiya ilə müharibəyə hazır olmalıdır. Bunun üçün praktiki hazırlıq gedir. Səfərbərlik sistemi dəyişdirilib, Andrey Belousov bazar ertəsi Rusiya Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasında bu barədə danışıb ki, 10 gün ərzində Rusiya sərhədləri yaxınlığında 100 min, 30 gün ərzində 300 min və 180 gün ərzində isə 800 min NATO əsgəri olmalıdır. NATO 2026-cı ildə Almaniyada ortamənzilli raketlər yerləşdirməyi planlaşdırır, Putinin NATO bunu etmədikcə Rusiyanın bunu etməyəcəyi ilə bağlı xəbərdarlığına baxmayaraq. Rusiyanın müdafiə naziri Andrey Belousov bazar ertəsi Prezidentin iştirakı ilə Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasında bildirib ki, Rusiya yaxın onillikdə NATO ilə müharibəyə hazır olmalıdır. Bu, Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətləri üçün nə deməkdir?» -deyə jurnalist sual verib.
İlham Əliyev NATO ilə Rusiya arasında açıq aşkar qarşıdurma gözləmədiyini bildirib:
«Mən yenə də ümidvar olduğumu bildirmək istəyirəm ki, işlər NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacaq. Birincisi, ona görə ki, hamı bunun bütün dünya, bütün ölkələr və əlbəttə, regionla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini dərk edir. İkincisi, mən yenə də ümid edirəm ki, Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın birinci prezidentlik dövründəki təcrübəsi, eləcə də onun və komandasının üzvlərinin seçkiqabağı kampaniyası zamanı və ondan sonra verdikləri bəyanatlar buna ümid etməyə imkan verir. Buna görə də NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin».
Azərbaycanın öhdəliklərinə gəlincə, prezident bildirib ki, rəsmi Bakı bütün öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşır və bundan sonra da belə edəcək: «Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər, bir az unudulmuş sözdür, – gərginliyin azaldılması – “detente”. Düşünürəm, bu sözə indi beynəlxalq leksikonda tələbat var və ümid edirəm ki, ondan istifadə olunacaq».
Dövlət başçısı onu da xatırladıb ki, Azərbaycan həm Rusiya, həm də NATO üzvü olan Türkiyənin müttəyiqi olan yeganə ölkədir:
«Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir».
Prezident bildirib ki , bu məsələdə Azərbaycan reallıqqlardan çıxış edəcək: «Biz təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq. Burada Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Axı bu, təsadüfən seçilməyib. Həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil. Həm də hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmayan ölkələr çox deyil. Buna görə də, əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq».