“Kadr islahatları aparılıb. Nazirlər Kabinetində rəhbərlik dəyişdirildi. Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında rəhbərlik dəyişdirildi. Bu da cəmiyyətdə çox müsbət qarşılanmışdır. Biz bu kadr dəyişikliyinin müsbət nəticələrini görürük”.
FED.az-ın xəbərinə görə, bunu yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə şıxışında bildirib.
Dövlət başçısı bildirib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanıb: “Hesab edirəm ki, o da sırf kadr islahatları ilə bağlı olan məsələdir. Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi və bəzi hallarda düzgün məlumat mənə çatdırılmırdı. Müvafiq qurumlar korrupsiyaya və rüşvətxorluğa qarşı kifayət qədər ciddi mübarizə aparmırdılar, bəzi hallarda cinayətlərə göz yumurdular. Bütün bunlar həqiqətdir. Kadr islahatları artıq buna da son qoyub”.
Prezident vurğulayıb ki, bu gün heç kim, cinayət törətmiş insan vəzifəsindən asılı olmayaraq məsuliyyətdən boyun qaçıra bilməz: “Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. Bunu hər kəs bilməlidir. Hesab edirəm, 2020-ci ilin hadisələri göstərir ki, hər kəs bunu artıq bilir”.