Xəbər verildiyi kimi, koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycanda xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.
Bununla yanaşı, FED.az xəbər verir ki, indiyədək tətbiq edilən bəzi qadağalar mayın 4-ən etibarən aradan qaldırılır.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən:
yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;
“DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;
dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa olunur;
restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);
bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülür;
qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur (ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla);
xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;
bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;
bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur.