Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci, 1152-ci, 1243-cü, 1255-cü və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.
Qeyd edək ki, həmin maddələr aşağıdakılardır:
«Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» qanun:
2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi;
Mülki Məcəllə:
1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
Maddə 1152. Gələcək əmlakın vəsiyyət edilməsi
Maddə 1243. Mirasın qəbul edilməsi
Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi
Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri M.Məmmədovun və Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Ali Məhkəmənin, Vəkillər Kollegiyasının üzvü D.Novruzovun mülahizələrini, ekspertlər BDU-nin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının və Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Yolçiyevin rəylərini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.