İsrailin Hərbi Hava Qüvvələri İranın qərbində hərbi obyektlərə endirdiyi genişmiqyaslı zərbələri başa çatdırıb.
FED.az xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə ordusunun Mətbuat xidməti yayıb.
Bildirilib ki, zərbələrin hədəfi İran ordusunun hava hücumundan müdafiə obyektləri olub: “Nəticədə onlarla radio-elektron stansiya və raket buraxılış qurğuları məhv edilib”.
***
200-dən çox İsrail təyyarəsi İrana zərbələr endirib.
FED.az xəbər verir ki bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox qırıcı təyyarə İranın yüksək rütbəli hərbi komandirlərinin iqamətgahları da daxil olmaqla, İran boyu 100-dən çox hədəfə hücum edib.
“İndi biz təsdiq edə bilərik ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İran İnqilabı Keşikçiləri Korpusunun komandanı və İranın Fövqəladə Hallar Komandanlığı İsrailin 200-dən çox döyüş təyyarəsi ilə İran ərazisinə endirdiyi zərbələr nəticəsində məhv edilib”, - məlumatda qeyd edilib.
***
İsrailin İrana endirdiyi zərbə nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
FED.az xəbər verir ki, bu barədə “Nour News” məlumat yayıb
***
İsrailin Natanzdakı nüvə obyektinə hücumundan sonra radiasiya sızması əlaməti yoxdur.
FED.az xəbər verir ki, bu barədə İran televiziyası bildirib.
Xəbərdə deyilir ki, İsrailin Natanz nüvə obyektinə hücumundan sonra radioaktiv çirklənmə əlamətləri yoxdur.
Bundan əvvəl IRNA xəbər agentliyi İsrailin hücumundan sonra Natanzdakı uranın zənginləşdirilməsi müəssisəsində partlayışın baş verdiyini bildirmişdi.
***
İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində islam ölkəsinin nüvə alimləri Məhəmməd Mehdi Tehrançı və Fereydun Abbasi həlak olub.
FED.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
***
İsrailin İrana hücumlarında ağır yaralanan İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani ölüb.
FED.az xəbər verir ki, bu barədə “New York Times“ məlumat yayıb.
***
İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bageri öldürülüb.
FED.az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
İsrail Ordusu İran ərazisinə "dəqiq və qabaqlayıcı zərbə" endirib.
***
FED.az xəbər verir ki, bu bardə İsrail Müdafiə Qüvvələrinin rəsmi açıqlamasında bildirilir.
Açıqlamaya əsasən, hücumun məqsədi İranın nüvə proqramına ciddi zərər vurmaq və Tehranın İsrailə qarşı davam edən aqressiyasına cavab verməkdir.
"İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarca təyyarə İranın müxtəlif bölgələrində yerləşən nüvə ilə bağlı obyektlər də daxil olmaqla, onlarla hərbi hədəfə zərbə endirib", – bəyanatda qeyd olunur.
Açıqlamada həmçinin vətəndaşlara Müdafiə Qüvvələrinin Arxa Cəbhə Komandanlığının təlimatlarına əməl etmələri, soyuqqanlı və məsuliyyətli davranmaları tövsiyə olunub.
***
İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.
FED.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İsrael Katz məlumat verib.
Nazir ölkəsinin İrana “qabaqlayıcı zərbə” endirdiyini bəyan edib və bildirib ki, İranın gözlənilən cavabı ilə bağlı ölkədə fövqəladə vəziyyət elan olunub.
Əhaliyə göndərilən xəbərdarlığa əsasən bütün maarifləndirici tədbirlər ləğv edilib, mühüm sənaye sahələri istisna olmaqla, müəssisələrin işi dayandırılıb, kütləvi toplantılar qadağan edilib.
İranın “Fars” agentliyi isə bildirib ki, İran paytaxtında azı 6 partlayış səsi eşidilib
İsrail İranda “Aslan Milləti” (Am Kelavi) adlı hərbi əməliyyata başladığını elan edib.
***
“İsrailin İranda həyata keçirdiyi əməliyyatda ABŞ-nin heç bir iştirakı və ya dəstəyi olmayıb” , - ABŞ dövlət katibi Marko Rubio bildirib.