İran rəsmiləri Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə ilə bağlı rəsmi Tehranın mövqeyi ilə bağlı açıqlama veriblər. FED.az xəbər verir ki, İranda səfərdə olan baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi, iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd, yol və şəhərsalma naziri Məhəmməd Eslami və energetika naziri Rza Ərdəkanian ilə görüşüb danışıqlar aparıb.
Görüşlərdə İran rəsmiləri ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması və Dağlıq Qarabağ münaqişəsinin başa çatması münasibətilə təbrik ediblər. İran rəsmiləri bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk günlərdən etibarən İran Azərbaycan Respublikasının haqlı mövqeyini dəstəkləyib.
Eyni zamanda İran tərəfi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpa işlərində hərtərəfli dəstək göstərməyə hazır olduğunu bəyan edib.
Müzakirələr zamanı İran rəsmiləri bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan-İran sərhədini dostluq sərhədi adlandırması İranda xoş qarşılanıbö və yüksək qiymətləndirilib.
Görüşdə bildirilib ki, regionda sülh, sabitlik və dayanıqlı inkişafın təmin olunması üçün anlaşılmazlığa səbəb olan və münasibətlərin gərginləşməsinə zəmin yaradan hər hansı bir hərəkət və ya addımdan çəkinmək lazımdır, fikir ayrılığı isə dialoq və danışıqlar yolu ilə aradan qaldırılmalıdır.
İran tərəfi Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq platforması çərçivəsində prezidentlərin görüşlərinin davam etməsini də istəyib.