Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkı yaradılacaq.
FED.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, muxtar respublikada innovasiyayönümlü iqtisadiyyata keçid, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan xidmət sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və nəticələrinin sənayedə tətbiqi ali təhsil müəssisələrində müasir komplekslərin yaradılmasını zərurətə çevirir.
Buna görə də, Naxçıvan Dövlət Universitetində 2 hektar ərazini əhatə edən, müxtəlif elm sahələri üzrə təcrübə-konstruktor, elmi-tədqiqat və startap layihələrinin mühüm elmi nəticələrinin sənaye və xidmət sahələrində tətbiqini həyata keçirən sosial, mədəni, mühəndis-kommunikasiya təminatı olan obyektlər kompleksindən ibarət Texnologiyalar Parkı (Texnopark) yaradılır.