Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı görülən işlərə baxmayaraq bu orqanların fəaliyyətindən şikayətlər bir qədər azalsa da, kəsilməyib. FED.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində icra xidmətinə həsr olunmuş müşavirədə səslənən çıxışlardan məlum olub.
Tədbirdə çıxış edən İcra baş idarəsinin rəisi Nurəddin Mustafayev bildirib ki, görülən tədbirlər, o cümlədən təsirli icra mexanizmlərinin tətbiqi məhkəmə qərarlarının vaxtında icrasının təmin olunmasını yüksəldib. Ötən il icra işləri ilə bağlı şikayət edən vətəndaşların sayı 30 faizədək, bilavasitə qəbula gələn şəxslərin sayı isə iki dəfədən çox azalıb.
Müşavirədə bildirilib ki, icra işinin səmərəli təşkili üçün məhkəmələr və icra qurumları arasında iş yükü bölgüsünə yenidən baxılıb. İcra olunmuş icra sənədləri üzrə icraata xitam verilməsi və dayandırılması səlahiyyətlərinin icra məmurlarına verilməsi ilə bu sahədə operativliyə nail olunub, əlavə yazışmalara son qoyulub, vaxta və dövlət xərclərinə qənaət edilib
Bundan başqa, “Elektron icra” sistemi yaradılıb və bütün icra sənədlərinin qeydiyyatı bu sistem vasitəsilə aparılır. “Elektron icra” sisteminin işə düşməsi imkan verib ki, indiyədək borclu şəxslərə dair digər dövlət qurumlarından toplanan məlumatlar - şəxsiyyət vəsiqəsi, doğum, nikah, ölüm və sair şəhadətnamələr, telefon nömrələri, vergi ödəyicisi barədə məlumatlar avtomatik toplanır.
Bununla yanaşı, müşavirədə qeyd edilib ki, görülən işlərə baxmayaraq icra sahəsində mənfi həllar tam aradan qalxmayıb. Bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının, etik davranış qaydalarının pozulması, işlərin hərəkətsiz saxlanılması, icradan qərəzli şəkildə boyun qaçıran şəxslərin vaxtında inzibati məsuliyyətə cəlb olunmaması və digər neqativ hallar diqqətə çatdırılaraq onların aradan qaldırılması tələb edilib. Bildirilib ki, 2017-ci ildə fəaliyyətində yol verdikləri ciddi qanun pozuntularına görə xidmətin 31 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 5 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib, 10 nəfər isə tutduğu vəzifədən azad edilib.
Mövcud problemlərlə bağlı nazirliyin məsul işçiləri və yerli icra qurumlarının rəhbərləri dinlənilib, nöqsanların səbəb və şəraitinin aradan qaldırılması yolları ətraflı təhlil edilib.
Müşavirəyə yekun vuran nazir müavini Vilayət Zahirov icra işinin səmərəliliyinin artırılması, məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunması, vətəndaşların müraciətlərinə daim qayğı və həssaslıqla yanaşılması, etik davranış qaydalarına dönmədən əməl olunması, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, icra məmurlarının peşəkarlığının artırılması ilə bağlı konkret tapşırıqlar verib.
İcra məmurlarından şikayət kəsilməyib – İŞDƏN QOVULANLAR VAR
20:15
22 Yan 2018