Azərbaycan hökuməti Gədəbəyin Söyüdlü kəndindəki qızıl hasilatı ilə məşğul olan xarici şirkətin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.
Baş nazir Əli Əsədov Söyüdlüdəki vəziyyətlə bağlı – İCLAS KEÇİRDİ – İRADLAR BİLDİRDİ
FED.az xəbər verir ki, bu barədə bu gün iyulun 13-də Nazirlər Kabinetində Söyüdlüdəki vəziyyətlə bağlı iclasda elan edilib. Xatırladaq ki, iki gün əvvəl, iyulun 11-də prezident İlham Əliyev Söyüdlüdə yarana vəziyyətlə bağlı sərt iradlarını bildirmişdi. Nazirlər Kabinetində keçirilən iclasda isə vəziyyətin müzakirəsindən sonra baş nazir Ə.Əsədov Söyüdlüdə təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq şirkətin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul etdiyini deyib.
Xatırladaq ki, kənddəki vəziyyəti, o cümlədən hasilatın və aparılan işlərin ekologiyaya təsirini qiymətləndirmək üçün beynəlxalq şirkət cəlb edilib və onun nümayəndələrinin bir neçə günə Bakıya səfəri gözlənilir.
Baş nazir bildirib ki, cəlb edilmiş beynəlxalq şirkət tərəfindən aparılacaq qiymətləndirilmənin nəticələrinə və veriləcək tövsiyələrə uyğun olaraq işini təşkil edəcəyi təqdirdə müəssisənin fəaliyyətinin bərpa edilməsi məsələsinə baxıla bilər.
Baş nazir qeyd edib ki, ərazidə fəaliyyət göstərən şirkət tərəfindən növbəti dövrdə istehsalatda müasir texnika və yeni texnologiyaların tətbiqi təmin edilməlidir. Bildirilib ki, bu müddət ərzində müəssisə müəyyən edilən bütün nöqsanları aradan qaldırmalı, fəaliyyətini müvafiq qanunvericiliyin tələblərinə uyğun qurmalıdır, o cümlədən işçilər qarşısında sosial öhdəliklərini yerinə yetirməlidir.
Vurğulanıb ki, beynəlxalq şirkətlər cəlb edilməklə mövcud tullantı anbarı və gölün bəndinin dayanıqlığının yoxlanılması və istifadə imkanlarının qiymətləndirilməsi, həmçinin ərazidə fəaliyyət göstərən şirkətin sosial-korporativ öhdəlikləri çərçivəsində yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, habelə bütün digər məsələlərin həllində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və Komissiyaya üzv olan dövlət qurumlarının iştirakı ilə əlaqələndirilmiş şəkildə ciddi və mütəmadi iş aparılmalıdır.