Xarici şirkətlərin əksəriyyəti Azərbaycana daha çox podratçı kimi, dövlət və özəl şirkətlərin sifarişlərini yerinə yetirmək üçün gəlir və bu zaman byöük sərmayə tələb olunmur. Azərbaycan hökuməti bu vəziyyəti dəyişmək niyyətindədir və xarici şirkətləri ölkəyə sərmayə qoymağa dəvət edir.
«Xaricdəki səfirliklərə göstəriş verirəm, bu zona barədə investorlara məlumat versinlər»
FED.az xəbər verir ki, hökumətin yanaşmasının dəyişəcəyini prezident İlham Əliyev, Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində mətbuata müsahibəsində açıqlayıb.
Prezident bildirib ki, Azərbaycanın xarici dövlətlərlə hökumətlərarası komissiyalarınının işini təhlil edərkən məlum olub ki, xarici şirkətlər buraya daha çox podrat işlərinin icra etmək üçün gəlirlər: «Bu komissiyaların işini təhlil edərkən görürəm ki, xarici şirkətlər Azərbaycanda daha çox podratçı kimi fəaliyyətə cəhd göstərirlər. Yəni, Azərbaycanda daha çox pul qazanmaq istəyirlər, bunun mənası budur».
Hökumət isə istəyir ki, xarici şirkətlər daha çox investisiya yatırsınlar: «Biz etiraz etmirik. Çünki indi biz hətta azad edilmiş torpaqlara xarici podratçıları, kontraktorları cəlb edirik. Ancaq biz istəyirik ki, xarici investorlar Azərbaycana sərmayə qoysunlar. Çünki dövlət sərmayəsi artıq öz rolunu oynayıb. Biz bütün əsas infrastruktur layihələrini icra etmişik. Təbii ki, azad edilmiş torpaqlarda indi böyük tikinti-quruculuq işlərinə start verilir. Bu da böyük iqtisadi canlanmaya gətirib çıxaracaq. Ancaq biz başa düşməliyik ki, birbaşa xarici investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Ona görə, başqa ölkələrlə hökumətlərarası komissiyaların işi də, ilk növbədə, xaricdən vəsaiti Azərbaycana gətirməkdir. Hesab edirəm ki, məhz bu zona potensial investorlar üçün cəlbedici ola bilər».