Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) FED.az-a verilən məlumata görə, nəticədə, yaşayış binasına düşən raket binanı tamamilə dağıdıb, bina sakinləri dağıntılar altında qalıb.
Dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən, ilkin məlumata əsasən, dağıntılar altından xəsarət almış 17 nəfər və 5 nəfərin cəsədi çıxarılıb.
Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.