Rəsmi Paris Azərbaycanla münasibətləri bərpa etmək üçün Bakıya mesajlar göndərməyə başlayıb.
FED.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Dövlət başçısı bildirib ki, belə mesajlar son aylar müxtəlif vasitələrlə çatdırılır: “Zənnimcə, bu, hər hansı şəkildə böhrandan çıxmağa kömək edəcək. Son bir neçə ay ərzində biz Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alırdıq, mənim yaddaşımda onların sayı üç və ya dörddür. Müxtəlif şəxslərdən bizim müxtəlif nümayəndələrə müraciətlər daxil olub və həmişə cavab verilib: “Biz hazırıq”. Bəli, biz elə bu gün hazırıq, amma heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə. Bizimlə görüşmək lazımdırsa, burada, Bakıda mümkündür”.
Prezident bu yaxınlarda yenə danışmaq və müzakirə aparmaqla bağlı növbəti, verbal diplomatik depeşanın daxil olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, Fransa hökuməti 2-ci Qarabağ savaşından sonra birmənalı olaraq Ermənistanın tərəfini saxlayır, Azərbaycana qarşı bəyanatlarla çıxış etməkdədir. Fransa rəsmiləri, xüsusilə də prezident Emanuel Makron davamlı olaraq Azərbaycana qarşı qərəzli bəyanatlar verməkdədir.
Sonuncu belə bəyanat bir neçə gün əvvəl verilib və XİN tərəfindən Azərbaycanın etirazı ilə qarşılanıb.
Hazırda Bakıda Fransaya casusluqda ittiham olunan şəxslərin məhkəməsi də keçirilir.