Nazirlər Kabineti «Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında» 2014-cü il 22 iyul tarixli 263 nömrəli öz qərarında dəyişiklik edib.
FED.az xəbər verir ki, yeni qərara əsasən, adı çəkilən qaydalardan 10-cu hissə çıxarılıb (Qısa idxal bəyannaməsinin verildiyi hallar).
Qaydaların 13.1-ci bəndi isə aşağıdakı kimi verilib:
«13.1. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur».
Qeyd edək ki, adı çəkilən maddənin əvvəlki vəziyyəti belə idi:
«13.1. Qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanlarına təqdim edilə bilər».
Başqa sözlə, indiyədək qısa idxal bəyannaməsinin mallar gömkük ərazisinə gətirilənədək təqdim edilməsi istifadəçilərin öz seçimindən asılı və konkret tələb kimi qoyulmurdu.
İndi isə adı çəkilən bəyannamənin təqdim edilməsi tələbdir və ona əməl ediləməsi məsuliyyət yaradır.
Fiziki şəxslər malları gömrükdən keçirməzdən əvvəl bunu etməli olacaq – YENİ QAYDA
21:26
21 Aprel 2019