“Hələ bu müharibə başlamazdan əvvəl Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Minsk qrupunun həmsədrləri ilə görüşmək üçün Cenevrəyə dəvət olunmuşdular. Ermənistanın Xarici İşlər nazirinin oktyabrın əvvəlində səfər edəcəyi gözlənilirdi, bizim Xarici İşlər nazirinin oktyabrın 8-də səfər edəcəyi gözlənilirdi”.
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Sky News” televiziya kanalına müsahibəsində deyib.
“Beləliklə, Ermənistanın Xarici İşlər naziri buna məhəl qoymadı, getmədi. Bizim Xarici İşlər naziri dünən Cenevrədə həmsədrlərlə görüş keçirdi. Biz Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri arasında görüşün Rusiyada təşkil olunması ilə bağlı Rusiyadan təklif alanda razılaşdıq. Beləliklə, bizim Xarici İşlər naziri bir saat əvvəl Moskvaya çatıb. O, rusiyalı həmkarı ilə görüşəcək, mən proqramın necə olacağını, onun Ermənistanın naziri ilə görüşüb-görüşməyəcəyini bilmirəm, lakin o, oradadır. Biz sülh yolu ilə həll istəyirik, amma həll. Biz həll istəyirik, imitasiya yox, daha 30 il ərzində boş sözləri yox, praktiki addımları, vaxt cədvəlini, insanlarımızın evlərinə nə vaxt qayıdacağını, onlar üçün təhlükəsizlik zəmanətinin nədən ibarət olacağını və bizim necə barışacağımızı bilmək istəyirik. İki millət barışmalıdır. Biz qonşuyuq. Biz əbədi olaraq düşmənçilik şəraitində yaşaya bilmərik. Bu, dayandırılmalıdır. Lakin tarixi həqiqət və beynəlxalq hüquq əsasında dayandırılmalıdır”, - deyə dövlət başçısı əlavə edib.