Prezident İlham Əliyev Ermənistan hərbçilərinin Azərbaycanın neft obyektləri və qurğuları, eləcə də enerji obyektlərinə zərbə endirmsi ehtimalından danışıb.
FED.az xəbər verir ki, Rusiyanın İnterfaks agentliyinə müsahibə verən dövlət başçısı belə bir riskin olduğunu təsdiqləyib.
Düşmənin nə qədər canlı qüvvəsi məhv edilib? - Prezident açıqladı
«Erməni tərəfi tez-tez Azərbaycanın müxtəlif enerji infrastrukturunu – Mingəçeviri, qaz kəmərlərini, neft kəmərlərini atəşə tuturdu. Ümumiyyətlə, Siz necə hesab edirsiniz, bu, Azərbaycan neftinin və qazının dünya bazarına çatdırılması üçün müəyyən risklər yarada bilərmi?» sualına cavabında İlham Əliyev bildirib ki:
«Əgər onlar vəd etdiklərini reallaşdıra bilsələr, konkret olaraq, Səngəçal terminalını və ya bizim neft və qaz kəmərlərimizi bombalaya bilsələr, bu, əlbəttə, risklərlə bağlı olacaq. İndiki halda düşünürəm ki, onları qınayacaqlar, çünki bu neft və qaz əsasən avropalı istehlakçılara lazımdır. Sirr deyil ki, Azərbaycandan çəkilən qaz kəməri müəyyən dərəcədə, çox yox, müəyyən dərəcədə bəzi Avropa ölkələrinin enerji təhlükəsizliyinə şərait yaradır və yaradacaq.
Neftin göndərilməsi məsələsinə gəldikdə bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Yəni, əgər bu neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş versə, Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşəcək. Lakin bu da onları dayandırmır. Axı, onlar Bakı-Novorossiysk neft kəmərini bombalamağa cəhd göstərmişdilər. Bu neft kəməri Azərbaycan ilə Rusiyanı bağlayır.
Həmin Rusiyanı ki, Ermənistan ondan həmişə hansısa xüsusi münasibətlər tələb edir, əvəzində heç nə vermədən. Heç nə. Əsla. İstər tarixi baxımdan, istər beynəlxalq arenada dəstək mənasında. Əlbəttə, indi Sorosun komandasından başqa bir əməl gözləmək çətindir.
Buna görə də Mingəçeviri, elektrik stansiyasını bombalamağın məqsədi Azərbaycanın enerji sistemini dağıtmaqdır. Bu, əlbəttə, müəyyən dərəcədə təsir göstərər, lakin biz artıq şaxələnmiş enerji təchizatı şəbəkəsi, yeni elektrik stansiyalarını yaratmışıq. Ona görə də bu, məhz erməni tərəfin yırtıcı mahiyyətini göstərir. Başqa məsələdir ki, biz həmin raketlərin çoxunu havada məhv etmişik. Bir hissəsi tutulub, bir hissəsi partlamayıb. Bu da onların hərbi potensialından xəbər verir. Amma, əlbəttə, belə bir təhdid var və biz ona adekvat reaksiya verməliyik».