Azərbğaycanda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.
FED.az xəbər verir ki, dəyişikliyə əsasən bir yeni cərimə tətbiq edilib, bundan başqa, mövcud cərimənin məbləği 4 qat artırılıb.
Belə ki, Məcəllənin 279-cu maddəsinə (Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulması) yeni – 279.0.1-1-ci maddə əlavə edilib.
Həmin maddəyə əsasən, qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə cərimə tətbiq ediləcək. Cərimənin məbləği fiziki şəxslər üçün 200-400 manat, vəzifəli şəxslər üçün 1000-1500 manat, hüquqi şəxslər üçün isə 2500-3000 manat nəzərdə tutulub.
Bundan başqa, məcəllənin digər maddəsi də dəyişdirilib. 542-ci maddəyə (Qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi) edilən dəyişikliyə əsasən, bu sahədə cərimələr bir neçə dəfə artırılıb. Belə ki, fiziki şəxslər üçün cərimələr 70-100 manatdan artırılaraq 200-400 manata qaldırılıb. Vəzifəli şəxslər üçün cərimələr 350-500 manatdan artırılaraq 1000-1500 manata qaldırılıb. Əlavə olaraq belə pozuntulara görə hüquqi şəxslər üçün də cərimə müəyyən edilib 2500-3000 manat.
Bu cərimələr Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə görə ətraf mühitə, insanların sağlamlığına və ya əmlakına təhlükə törədən qaz qurğularının və qazla bağlı fəaliyyətlərin dayandırılması və müəyyən olunmuş müddətə qaydaya salınması barədə nəzarətedici qurumların qərarlarının yerinə yetirilməməsinə görə nəzərdə tutulub.