2019-cu ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 16871,2 mln. manat, xərcləri 16690,6 mln. manat olmuş, 180,6 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.
Maliyyə Nazirliyindən FED.az-a verilən məlumata görə, 2019-cu ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 16871,2 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz və yaxud 780,6 mln. manat çoxdur.
Eləcə də bax: Maliyyə Nazirliyi bu il ilk dəfə “İlkin büdcə bəyanatı” yayıb
Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5608,5 mln. manat məbləğində daxilolmalar təmin edilmişdir ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz və ya 302,6 mln. manat çoxdur.
Həmin vəsaitin 70,0 faizi və yaxud 3928,4 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 438,6 mln. manat və ya 12,6 faiz çoxdur.
2019-cu ilin doqquz ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3250,1 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,0 faiz və yaxud 649,7 mln. manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 377,2 mln. manat təşkil etmişdir ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz və ya 55,7 mln. manat çoxdur.
Sair daxilolmalar üzrə büdcəyə 99,4 mln. manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 mln. manat və ya 32,9 faiz çoxdur .
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 7536,0 mln. manat vəsait transfert edilmişdir.
2019-cu ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 6465,7 mln. manat icra olunmuşdur ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 190,4 mln. manat və ya 3,0 faiz çoxdur.
2019-cu ilin doqquz ayında dövlət büdcəsinin xərcləri 16690,6 mln. manat icra olunmuşdur ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz və ya 1024,6 mln. manat çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk doqquz ayında dövlət büdcəsi xərclərinin 35,3 faizi və ya 5888,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz və ya 478,6 mln. manat çoxdur.
2019-cu ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 8948,5 mln. manatı və ya 53,6 faizi cari xərclərə, 6320,6 mln. manatı və ya 37,9 faizi əsaslı xərclərə, 1421,5 mln. manatı və ya 8,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 5739,6 mln. manat icra olunmuşdur.
İcmal büdcə
Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 25566,7 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1694,3 mln. manat və ya 7,1 faiz coxdur. İcmal büdcənin xərcləri 17963,6 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 mln. manat çoxdur. İcmal büdcədə 7603,1 mln. manat büdcə artıqlığı (profisit) yaranmışdır.