Azərbaycanda Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərə artıq bir həftə qalıb.
FED.az xəbər verir ki, parlamentdəki 125 nəfər deputat yerinə 1400-ə yaxın namizəd iddia edir. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə seçkinn daha obyektiv keçiriləcəyi bəyan edilib ki, bu da həm namizədlərin sayına vı fəallığına, həm də seçicilərin marağının artımına səbəb olub. Hazırda bütün ölkə boyu namizədlərin seçiciləri ilə görüşləri keçirilir.
FED.az seçicilərin bu sahədə təcrübəsinin az olduğun nəzərə alaraq seçicilərin namizədlərə verməli olduğu 65 əsas sualı tərtib edib. Bu suallar dövlət idarəetməsi, iqtisadiyyat, biznes, sosial vəziyyət, korrupsiya ilə mübarizə, ailə institutu və digər məsələlər yer alıb.
Fikrimizgə bu suallar namizədləri daha yaxşı tanımağa, onların fikirlərini, deputat seçiləcəyi təqdirdə görəcəkləri işləri öyrənməyə və bununla da seçicilərə daha yaxşı seçim etməyə imkan verəcək.
Deputatlığa namizədi yoxlamaq üçün - 65 SUAL
1. Azərbaycanın tezliklə həll etməli olduğu ilk 3 problemi sadalayın (vacibliyinə görə sıralamaqla)
QARABAĞ VƏ BEYNƏLXALQ MÜNASIBƏTLƏR
2. Qarabağ məsələsi hansı yolla həll edilməlidir? Sizcə bu problem nə qədər vaxta həll edilməsə, artıq gec olacaq?
3. Hazırda Azərbaycan Qarabağ münaqişəsin öz xeyrinə həll etməyə qadirdirmi?
4. Qarabağ probleminin həllinə Ermənistandan başqa mane olan ölkələr hansılardır?
5. Sizcə həmin ölkəyə qarşı hansı addım atmaq lazımdır?
6. Qarabağ probleminin həlli üçün nə etmək lazımdır?
7. Azərbaycan Avropa dəyərlərini qəbul etməlidirmi?
8. Azərbaycanın ən yaxın olmalı olduğu ilk 5 ölkəni sadalayın.
9. Azərbayan seçim qarşısında qalarsa hansını seçməlidir – Rusiya, ABŞ, yoxsa Avropa?
NAMIZƏDIN ÖZÜ HAQQINDA
Qeyd: Seçicilər namizədin bu suallar verdiyi cavabların səmimiliyini və dürüstlüyünü yoxlamaq imkanında olmaya bilərlər. Ona görə də sualı verərkən, namizədə xatırlatmaq lazımdır ki, bu suallara Qurana və ya övladının və ya valideyninin həyatına and içərək cavab verməlidir.
10. İndiyədək qanunsuz gəliriniz olubmu?
11. Rüşvət almısınızmı, korrupsiya hallarına yol vermisinizmi, başqasının adına olan amma faktiki olaraq sizə məxsus olan, gizlətmək istədiyiniz biznesiniz varmı, olubmu?
12. 2018-2019-cu illərdə (hər il üçün ayrıca) nə qədər pul qazanmısınız?
13. Bunun hansı hissəsi rəsmi və ya qeyri rəsmidir? Nədən qazanmısınız?
14. Bankda pulunuz varmı? Neçə eviniz var?
15. Ötən il üçün gəlir bəyannaməsini açıqlamağa hazırsınızmı?
SEÇKI KAMPANIYASI BARƏDƏ
16. İndiyədək mövcud olan seçki prosesini normal sayırsınızmı? Saymırsınızsa, normal olmayan nədir?
17. İndiyədək seçki kampaniyasına nə qədər pul xərcləmisiniz? Kampaniyanın sonunadək nə qədər xərclənəcək?
18. Bu vəsaiti kim ayırıb?
19. Sizin seçki kampaniyanızı kim maliyyələşdirir?
DÖVLƏT IDARƏETMƏSI
20. Milli Məclisin indiki səlahiyyətləri ona öz fəaliyyətini yetirə yetirməyə imkan verirmi?
21. Vermirsə, MM-in əlavə hansı səlahiyyətlərinin olmasını istəyirsiniz?
22. Azərbaycanda bir-birini təkrarlayan və ləğv olunması tələb olunan dövlət qurumu varmı? Varsa hansılardır?
23. Azərbaycanda hansısa yeni dövlət qurumunun yaradılması vacibdirmi? Hansı?
24. Hazırda hökumətdə, sizin fikrinizcə ən yaxşı işləyən 3 məmurun adını çəkin
25. Hazırda hökumətdə, sizin fikrinizcə ən pis işləyən 3 məmurun adını çəkin
26. Sizcə hazırda təyinat olan hansı vəzifələrə təyinat seçki ilə olmalıdır?
27. Sizcə icra hakimiyyətləri qalmalıdır, yoxsa onları bələdiyyələr əvəz etməlidir? (Bu fikrinizin səbəbini deyin)
28. Namizədliyiniz olan rayonun icra hakimiyyətinin işindən razısınızmı? Konkret hansı hallardan razı, hansından narazısınız?
29. Namizədliyiniz olan rayonun icra hakimiyyəti başçısının dəyişməsini istəyirsinizmi?
30. Azərbaycada hüquq-mühafizə orqanlarının işini necə qiymətləndirinsniz – müsbət, ya mənfi? Belə qiymətin səbəbini izah edin
31. Azərbaycanda məhkəmələrin işini necə qiymətləndirirsiniz – müsbət, ya mənfi? Belə qiymətin səbəbini izah edin
KORUPSIYA ILƏ MÜBARIZƏ
32. Azərbaycanda ən çox korrupsiya olan 3 sahəni sadalayın.
33. Azərbaycanda korrupsiya ilə mübarizə səviyyəsindən razısınızmı? Razısınızsa nədən, razı deyilsinizsə nədən?
34. Mübarizənin nəticələrini hiss edirsinizmi? Hiss edirsinizsə, misal gətirin.
35. Korrupsiyanın qarşısını almaq üçün sizcə hansı konkret addımlar atılmalıdır? (3 əsas addım sadalanmalıdır)
36. İndiyədək rüşvət vermisiniz və ya sizdən rüşvət istəyiblər? Olubsa nə vaxt harada baş verib?
İQTİSADİ VƏZİYYƏT
37. Azərbaycandakı indiki iqtisadi vəziyyəti qənaətbəxş sayırsınızmı?
38. Ölkə iqtisadiyyatındakı 3 əsas problemi sayın.
39. Bu problemləri kim yaradıb – dövlət (3 qurumun və ya şəxsin adını çəkin), biznes (3 şirkətin və ya şəxsin adını çəkin), yoxsa əhali (hansı kateqoriyalardır və nə ediblər?)
40. İqtisadi inkişafa kim mane olur – dövlət, biznes, yoxsa əhali?
41. 2019-cu ildə Azərbaycanda iqtisadi artım 2,2% təşkil edib. Bu göstəricini necə qiymətləndirirsiniz – müsbət, yoxsa mənfi?
42. İqtisadi inkişafa nail olmaq üçün nə etməyi təklif edirsiniz? – ilk 3 tədbiri sadalayın.
43. Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin yarısını Neft Fondundan ayırmalar təşkil edir – bu yaxşıdır, ya pisdir?
44. Sizcə Büdcə gəlirlərinin neçə faizi Neft Fondunun hesabına olmalıdır?
BİZNES VƏ SAHİBKARLIQ
45. Azərbaycanda biznesin inkişafı səviyyəsini necə qiymətləndirirsiniz?
46. Biznesə yaradılan vəziyyəti necə qiymətləndirirsiniz?
47. Biznesin 3 əsas problemini sadalayın.
48. Sizin fikrinizcə ölkədə biznesə ən çox mane olan 3 qurumu və ya məmuru sadalayın.
49. Bu problemin həllini necə görürsünüz?
50. Deputat seçilsəniz bu problemlərin həlli üçün hansı addımları təklif edəcəksiniz?
51. Namizədliyiniz verilən ərazidə fəaliyyət göstərən 3 iş adamını və ya 3 şirkəti sadalayın.
52. Namizədliyiniz verilən ərazidə biznesin hansı problemi var?
53. Deputat seçiləcəyiniz təqdirdə onların hansı problemini həll edəcəyinizi vəd etmisiniz?
54. Onlar sizin seçki kampaniyanıza dəstək verirlərmi? Hər iki cavabın səbəbini deyin.
SOSİAL MƏSƏLƏLƏR
55. Sizcə Azərbaycanda minimum əmək haqqı (hazırda 250 manatdır) və orta aylıq maaş (hazırda 623 manatdır) nə qədər olmalıdır?
56. Azərbaycanda minimum pensiya (hazırda 200 manatdır) nəqədər olmalıdır?
57. Sizcə minimum maaş və minimum pensiya nə qədər olmalıdır?
58. Bu artım üçün vəsait hansı mənbədən əldə edilməlidir?
59. Azərbaycanda bütün ailələrə doğulan uşağa görə, uşaqpulu verilməlidirmi?
AİLƏ MÜNASİBƏTLƏRİ
60. Azərbaycanda Seçimli (yəni uşağın cinsini öyrənəndən sonra edilən) abortlara münasibətiniz necədir? Belə abortları qadağan etmək lazımdırmı, ya yox?
61. Boşanmaların qarşısını almaq üçün nə edilməlidir?
İCAZƏLƏR VƏ QADAĞALAR BARƏDƏ
62. Azərbaycanda kazinoların leqallaşdırılmasına necə baxırsınız?
63. Azərbaycanda indiyədək gizli və ya qadağan olan hansı biznesin leqallaşmasını istəyərdiniz?
64. Azərbaycanda nəyin qadağan edilməsinə səs verərdiniz?
65. Azərbaycanda indiyədək qadağan edilmiş nəyə icazə verilməsinə səs verərdiniz?