“Biz işğaldan azad edilmiş yerlərdə şəhərlər quracağıq, həyatı qaytaracağıq, bütün dağılmış yerləri bərpa edəcəyik”.
Eləcə də bax: Prezident Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib - TAM MƏTN
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycan Ordusunun işğaldan azad etdiyi bəzi yerlərə artıq mətbuat nümayəndələri də gedirlər, bəzi yerlərdə isə hərbçilər özləri çəkiliş aparırlar: “Orada bir dənə də salamat bina yoxdur. Yəni bu, faşistlərin əməlləridir. Dünya bunu görməlidir və görəcək. Görün, indi Ağdam, Füzuli nə gündədir? Bütün kəndləri dağıtdılar. Elə etdilər və zənn etdilər ki, heç zaman azərbaycanlı ora dönməsin, dönə bilməsin. Amma Azərbaycan xalqının iradəsini bilmirlər. Biz 2016-cı ildə işğaldan azad etdiyimiz Cocuq Mərcanlı kəndini 6-8 aya inşa etdik və indi insanlar orada yaşayır. Qazı da, suyu da, elektriki də, məscidi də, xəstəxanası da, məktəbi də, evləri də var. Eyni zamanda kənd təsərrüfatı üçün onlara avadanlıq vermişik və indi həmin kənd dirçəlib. Biz bütün o torpaqları cənnətə çevirməliyik. Zatən, oranın mənzərəsi cənnətdir. Uzun illər erməni tapdağı altında olmasına baxmayaraq, o torpaq canlanacaq, ora həyat dönəcək, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq və Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar. Bizim məcburi köçkünlər bilir ki, Prezident kimi mənim üçün onların problemi bir nömrəli problemdir. Siz də bilirsiniz ki, biz onlar üçün nə qədər böyük yardımlar edirik. Bu il 7 min ailəyə, haradasa 35 min insan 1 il ərzində dövlət tərəfindən pulsuz mənzil alır. Dövlət onların hər birinə hər ay müavinət verir. Ona görə də təbii ki, onlar dövlətin qayğısından razıdırlar. Amma mənim onlarla keçirdiyim görüşlərdə hər zaman həm təşəkkür bildirirdilər, deyirdilər ki, hər şey yaxşıdır, yeni evlərdə yaşayırıq, belə şəraiti görməmişik, amma bizi torpaqlarımıza qaytarın, biz ora getmək istəyirik. Və gedəcəklər! Biz artıq o bölgələrin inkişaf proqramı üzərində işləməliyik, artıq müvafiq göstərişlər verilib. Plan hazırlanacaq ki, o bölgələrə Azərbaycan əhalisi qayıtsın və maksimum qısa müddət ərzində onlar ora yerləşsin”.