Hesablama Palatası Gənclər və İdman Nazirliyində aparılan yoxlamaların nəticələrini açıqlayıb. FED.az xəbər verir ki, audit Gənclər və İdman Nazirliyi üzrə ümumilikdə 37203,5 min manat məbləğində vəsaiti əhatə edib.
Müəyyən edilib ki, təqdim olunan büdcə proqnoz layihələrində nazirliyin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib. Müvafiq hesablamalar aparılmayıb, bəzi xərclər üzrə hesabat dövrünün icra rəqəmləri nəzərə alınmayıb.
“Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları”nın, “Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Normaları”nın tələbləri gözlənilməyərək müxtəlif təyinatlar üzrə “Normalar”dan artıq, eləcə də “Normalar”da nəzərdə tutulmayan istiqamətlər üzrə vəsait proqnozlaşdırılıb və icra olunub. Keçiriləcək ölkə miqyaslı və beynəlxalq tədbirlərin sayı da düzgün proqnozlaşdırılmayıb. Əmək Məcəlləsinin tələbləri gözlənilməyərək artıq məzuniyyət və müavinət haqqı ödənilib, staj dövründə olan işçiyə mükafat ödənilib. Nazirliyin tabeliyində olan təsərrüfat hesablı olimpiya idman komplekslərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədilə ayrılmış maliyyə yardımının istifadəsi barədə müvafiq hesabatlar ətraflı şəkildə təqdim edilməyib.
İdmançılara göstərilməli olan müvafiq tibbi xidmətlər, eləcə də həmin tibbi müayinələrin dövriliyi ilə bağlı müvafiq normativ sənəd hazırlanmayıb. Nazirliyin tabeliyində olan büdcədən maliyyələşdirilən təşkilat tərəfindən aparılması mümkün olan müayinələr müəyyən edilməyib, əhalinin sağlam həyat tərzinə cəlb olunmasının və bədən tərbiyəsi və idman qurğularından və avadanlıqlarından səmərəli istifadə edilməsinin norma və qaydaları nazirlik tərəfindən hazırlanmayıb. Bəzi hallarda isə müqavilələrin icra müddətinin bitməsinə baxmayaraq, müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin edilməyib.
Maliyyə hesabatları “Büdcə təşkilatları üçün Milli Mühasibat Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə uyğun tərtib edilsə də, bəzi hallarda müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri hesabatlarda düzgün əks etdirilməyib. “Aktivlərin və öhdəliklərin inventarizasiyası qaydalar”ının, “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair qaydaları”n tələbləri nəzərə alınmayıb, auditlə əhatə olunan illərdə nazirliyin debitor borclarının vaxtında bağlanmaması hallarına rast gəlinib.
Hesablama Palatasının Kollegiyası Gənclər və İdman Nazirliyi tərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib. Auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cəzalandırılması və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Gənclər və İdman Nazirliyinə Kollegiya qərarının surətinin göndərilməsi qərara alınıb. Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.
Bu nazirlikdə də pozuntular tapıldı - ARAŞDIRMANIN NƏTİCƏLƏRİ
08:59
24 Noy 2017