Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
FED.az xəbər verir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan prezidentinə:
Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
İcra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
Agentliyin yenidən təşkili və ləğvi;
Nazirlər Kabinetinə:
Agentliyin işçilərinin say həddinin və illik maliyyə hesabatlarının təsdiq edilməsi;
Təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;
Xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) balansında olan əmlakın Agentlik publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı gündən onun balansına verilməsini bir ay müddətində təmin etsin;
Agentliyə:
İnkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
Strukturunun təsdiqi.
Müəyyən edilib ki, Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 25 milyon manat təşkil edir. Azərbaycan Dövlət İnformasiya Agentliyinin balansındakı dövlət əmlakı qiymətləndirilərək Agentliyin nizamnamə fondunda əksini tapır, Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirən orqan 5 üzvdən ibarət İdarə Heyətidir. İdarə Heyətinin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan prezidenti tərəfindən, digər 2 üzvünün vəzifəyə təyin və vəzifədən azad edilməsi Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
Agentlik dövlət qeydiyyatına alınması üçün fərmanın qüvvəyə mindiyi tarixdən etibarən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət etməlidir, strukturunu bir ay müddətində Azərbaycan prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.