2017-ci ilin ilk 9 ayında bələdiyyələr tərəfindən qanunsuz verilmiş 1000-dən artıq torpaq sənədi ləğv edilib. FED.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadə bu gün Qəbələdə keçirilən “Azərbaycanda yerli özünüidarəetmənin inkişafı: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfransda bildirib. Mərkəzin rəhbəri bildirib ki, bələdiyyələrlə iş mərkəzinə daxil olan şikayətlərin, eləcə də qanunsuz hesab olunan qərarların əksəriyyəti torpaq qanunvericiliyinin pozulması ilə bağlıdır. Nəticədə inzibati nəzarəti həyata keçirən orqanların təkliflərinə əsasən qanunsuz olduğuna görə ləğv edilmiş aktların sayı təxminən 2 dəfə artaraq 1040 ədəd olub.
Eonfransda bildirilib ki, hələ də bəzi bələdiyyələr mülkiyyət hüququ tanınmadan, yaxud lazımi rəylər alınmadan torpaq sahəsinin satılması və ya icarəyə verilməsi haqqında qərarlar qəbul edirlər. Bundan başqa, bələdiyyələr satışı qadağan olunan kənd təsərrüfatı təyinatlı torpaqların satılması haqqında qərarlar verirlər. Torpaqların bazar qiymətindən aşağı satılması, bələdiyyə qərarlarında müsabiqənin şərtlərinin müəyyən edilməməsi halları da var.
Bəzi bələdiyyələr isə bələdiyyə mülkiyyətində olan torpaqların zəbt olunmasının qarşısını almırlar, eləcə də mülki dövriyyədə olan torpaqlar haqqında əhaliyə məlumat vermirlər.
«Məhz belə hallara yol verildiyinə görə inzibati nəzarəti həyata keçirən ədliyyə orqanlarının təkliflərinə əsasən bu ilin 9 ayında 2162,5 hektar torpaq sahəsi ilə bağlı qanunsuz qərarlar ləğv olunub. İnzibati nəzarətlə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu ilin ötən dövründə 23 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkar olunduğuna görə toplanmış materiallar istintaq orqanlarına göndərilib»-deyə konfransda bildirilib.
Konfransda bələdiyyələrin vergi toplaması məsələsinə də toxunulub. Bildirilib ki, bələdiyyələrin əsas gəlir mənbəyi hesab olunan yerli vergi və ödənişlərin yığılmasında müəyyən irəliləyiş olsa da, vəziyyət lazımi səviyyədə deyil. Müzakirələrdə bələdiyyələrin fəaliyyətində şəffaflığın daha da artırılmasının zəruriliyi qeyd edilib, yerli vergi və ödənişlərin yığılmasında mövcud çətinliklərin aradan qaldırılması yollarına dair təkliflər səsləndirilib.
Konfransda Milli Məclisin regional məsələlər komitəsinin 6 üzvü, Ədliyyə Nazirliyinin regional idarələrinin rəhbərləri, 90 şəhər, qəsəbə və kənd bələdiyyəsinin sədri iştirak edib.
Bələdiyələrin qanunsuz torpaq sənədləri ləğv edilir – CİNAYƏT İŞLƏRİ
19:48
7 Dek 2017