Bakıda mərkəzi rayon yaradılacaq.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni təyin edilmiş sədri Anar Quliyevi qəbul edərkən bildirib.
Dövlət başçısı bildirib ki, Bakının mərkəzi rayonunun yaradılması ilə bağlı Memarlar İttifaqının sədrinin bir qədər əvvəl səsləndirdiyi təklifi dəstəkləyir. Amma indiyədək bu barədə təkliflər verilməyib. Dövlət başçısı A.Quliyevə bu sahədə işləməyi tapşırıb: «Bir müddət bundan öncə ziyalılarla görüşdə Memarlar İttifaqının sədri təklif vermişdi ki, Bakının mərkəzi rayonu formalaşsın. Mən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər vermişəm. Sizə də tapşırıram, Bakı Şəhər İcra Hakimiyyəti, Memarlar İttifaqı yığışın birlikdə təklifləri konkretləşdirin. Çünki bunun üstündən artıq uzun müddət keçib, ancaq hələ ki, mənə heç bir təklif verilməyib. Mən prinsip etibarilə bu təklifi dəstəkləyirəm. Çünki belə olan halda mərkəzi rayonda bu rayona uyğun xüsusi mühafizə tədbirləri görülə bilər və memarlıq abidələrimizə diqqət daha da yüksək ola bilər. O ki qaldı, yeni binaların tikintisinə, burada qaydalar daha da sərt olmalıdır».
FED.az xəbər verir ki, Memarlar İttifaqının sədri Elbəy Qasımzadə dövlət başçısı ilə görüşdə Bakının bir neçə rayonunun hissələrindən ibarət olmaqla mərkəzi rayon yaradılmasını təklif etmişdi. E. Qasımzadə qeyd edib ki, Bakının tarixi mərkəzinin sərhədləri müəyyənləşməyib: «Bakının tarixi mərkəzi var. Mütləq bunun sərhədləri müəyyənləşməlidir. Bu gün Bakının tarixi mərkəzi dörd inzibati rayonun arasında bölünüb. Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları. Nə qədər bunlara mərkəzdən rəhbərlik olunsa da, aydın məsələdir ki, dörd rəhbərin, dörd komandanın hərəsinin bu işə baxışı müxtəlifdir. Mən təklif edirəm o sərhədlər müəyyənləşsin və Bakının tarixi mərkəzi əsasında xüsusi ərazi vahidi yaransın. Mərkəzi rayon - bu təcrübə başqa paytaxtlarda var, Moskvada da var. Bunu etsək, orada tətbiq olunan qanunlar, normalar, əlbəttə, başqa yerlərdən fərqlənəcək. Yeni Yasamalla Bakının tarixi mərkəzində tələblər eyni ola bilməz. Bu, təbiidir. Onda Sizin (Dövlət başçısının) istədiyinizə, Bakının tarixi mərkəzinin qorunub saxlanılmasına biz mütləq nail ola bilərik».