Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə iki ölkə arasında sənədlərinin imzalanması və indiyədək imzalanmış sənədlərin mübadiləsi keçirilib.
FED.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni və “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı imzaladılar.
Bundan başqa iki ölkə arasında
- “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında kinologiya sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və Özbəkistan Gömrük Komitəsinin sədri Akmalxuja Mavlonov mübadilə ediblər.
- “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və Özbəkistan Turizm Komitəsinin sədri Abdulaziz Akkulov mübadilə ediblər.
- “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov mübadilə ediblər.
- “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə Proqram”ı və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında investisiyalar və ticarət sahələrində layihələrin həyata keçirilməsi üzrə Praktiki Fəaliyyət Planı”nı (Yol Xəritəsi)” Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov mübadilə ediblər.
Bundan başqa iki ölkə arasında
- “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”,
- “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2027-2028-ci illər üçün Əməkdaşlıq Proqramı”,
- “Azərbaycan Respublikasının ASAN Xidmət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2027-2028-ci illər üçün Əməkdaşlıq Proqramı”,
- “Xankəndi şəhəri (Azərbaycan Respublikası) ilə Ürgənc şəhərinin (Özbəkistan Respublikası) qardaşlaşması haqqında Protokol”,
- “Naxçıvan şəhəri (Azərbaycan Respublikası) ilə Ürgənc şəhərinin (Özbəkistan Respublikası) qardaşlaşması haqqında Protokol”
- “Laçın şəhəri (Azərbaycan Respublikası) ilə Buxara şəhərinin (Özbəkistan Respublikası) qardaşlaşması haqqında Protokol” imzalanıb.
Sözügedən sənədləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə ediblər.












