Baş nazirin müavini Samir Şərifovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti mayın 4-də Suriya Ərəb Respublikasında səfərdə olub.
FED.az xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilib. Səfərdə məqsəd Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq olub.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətini Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa qəbul edib.
Prezident Əhməd Əl Şaraa aprel ayında Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünü məmnunluqla xatırlayaraq, bu səfərin qısa müddətdə təşkilinə görə Azərbaycanın dövlət başçısına minnətdarlıq edib.
Suriya prezidenti bildirib ki, Azərbaycan və Suriya oxşar proseslərdən keçirlər - Azərbaycan əz ərazi bütövlüyünü bərpa etdiyi kimi Suriya da münaqişədən sonra bərpa dövrünə qədəm qoyub. Əhməd Əl Şaraa deyib ki, Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işləri ilə bağlı təcrübəsinin Suriyada tətbiqi faydalı olacaq.
Suriya lideri cari ilin yanvarında Suriya xalqına göndərilən humanitar yardıma görə minnətdarlığını ifadə edib.
S.Şərifov Prezident İlham Əliyevin suriyalı həmkarını Azərbaycana dəvətini ehtiva edən məktubu Suriyanın dövlət başçısına təqdim edib.
Baş nazirin müavini xatırladıb ki, Azərbaycan Hökuməti Suriyanın yeni administrasiyasını siyasi dəstəkləyir. S.Şərifov bildirib ki, Azərbaycanın öz rəsmi nümayəndə heyətini Dəməşqə hələ ötən ilin dekabrında ezam etməsi və ölkəmizin 12 ildən sonra Dəməşqdəki səfirliyinin fəaliyyəti bu dəstəyin sübutudur. Suriya prezidenti ilə görüşdə Suriyadakı bərpa və yenidənqurma prosesinə Azərbaycan Respublikasının necə dəstək verə biləcəyi də müzakirə edilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, xarici işlər naziri Əsəd Həsən əl-Şibani, iqtisadiyyat və sənaye naziri Nidal Əş-Şaar, energetika naziri Məhəmməd Əl-Bəşir, mədəniyyət naziri Muhammad Yasin Saleh, təhsil naziri Muhammad Absurrah Rahman Turkuo ilə də görüşüb. Görüşlərdə aidiyyəti istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsinə dair müzakirələr aparılıb və bu istiqamətlər üzrə konkret planlar müəyyənləşdirilib.