“Bizim bütün şərtlərimiz tam məntiqli, əsaslı və qanunauyğundur”.
Prezident: "Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsində deyib.
Dövlət başçısının sözlərinə görə, müxtəlif mərhələlərdə Ermənistan cəmiyyətində və hakim dairələrdə belə bir fərziyyə irəli sürülürdü ki, sanki Azərbaycan Ermənistanın daxili işlərinə qarışmaq istəyir: “Hətta danışıqlar zamanı dəfələrlə belə bir məsələ qaldırılmışdı. Bizim isə mövqeyimiz ondan ibarət idi ki, bu, bu cür həll edilməməlidir. Bu, birbaşa bizə aiddiyəti olan məsələdir. Bizim ərazi bütövlüyümüzə olan açıq tələbdir, iddiadır. Ona görə bu düzəliş edilmədən sülh sazişi imzalana bilməz. Bizim mövqeyimiz hər zaman ardıcıl, məntiqli, əsaslı idi. Və biz öz mövqeyimizdən geri addım atmamışıq. Çünki heç vaxt qeyri-real və qəbul edilə bilməyəcək şərtlər də Ermənistanın qarşısında qoymamışdıq. Amma nədənsə Minsk Qrupunun ləğvi ilə bağlı bizim əsaslı təklifimiz mənfi reaksiya ilə üzləşirdi. Halbuki biz dəfələrlə izah etməyə çalışırdıq ki, bir halda ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bir halda ki, artıq Ermənistan özü deyir ki, artıq Qarabağ Azərbaycandır, Minsk Qrupunun de-yure qalması tamamilə məntiqsizdir. Onsuz da o öz funksional mahiyyətini itirmişdi. Və biz heç vaxt imkan vermərik ki, bu, hər hansı formada canlansın, yaxud da hansısa başqa formaya minsin. Ona görə bu gün Sülh sazişinin paraflanması və Minsk Qrupunun ləğvi iıə bağlı bizim müştərək müraciətimiz hesab edirəm ki, birinci maneəni aradan qaldırır”.