“Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı alğı-satqı müqaviləsinə dair sənəd imzalanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, sözügedən sənəd bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində, Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə imzalanıb.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb.
Xatırladaq ki, «Cənub Qaz Dəhlizi» Qapalı Səhmdar Cəmiyyəti (QSC) şirkəti Azərbaycanın beynəlxalq təbii qaz əməliyyatlarını həyata keçirən əsas şirkətidir.
Bu şirkət Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə yaradılıb. Şirkət “Şahdəniz” (ŞD) qaz-kondensat yatağının tam miqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (“CQBK”) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (“TANAP”) və Trans-Adriatik Boru Kəməri (“TAP”) layihələrində (birlikdə “Layihələr”) Dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədləri ilə təsis edilib.
Başqa sözlə, Azərbaycanın əsas qaz yatağı olan «Şahdəniz» yatağından qazın hasilatı, hasil edilən qazın beynəlxalq bazardara çıxarılması, o cümlədən TANAP və TAP kimi beynəlxalq qaz kəmərlərinin istismarı da «Cənub Qaz Dəhlizi» şirkəti tərəfindən həyata keçirilir.
Hazırda şirkətin tam sahibi Azərbaycan dövlətidir, daha dəqiqi «Cənub Qaz Dəhlizi» QSc-nin səhmlərinin 51%-i Azərbaycanın İqtisadiyyat Nazirliyinə, 49% isə Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
«Cənub Qaz Dəhlizi» şirkəti strateji əhəmiyyəti ilə yanaşı ciddi şəkildə mənfəətlə işləyən biznes strukturdur. Belə ki, ümumilikdə 13,5 milyard dollarlıq aktivlərə malik olan şirkətin illik xalis mənfəəti 2023-cü ildə 1,3 milyard dollar, 2024-cü ildə isə 1,7 milyard dollar olub.
Azərbaycanın bu şirkətdəki payının bir hissəsini (hələlik bu rəqəm açıqlanmır – FED.az) Birləşmiş Ərəb Əmirlikləri şirkətinə satması gələcəkdə bu layihəyə investisiya tələb olunması ilə bağlı ola bilər.
Azərbaycan qazının Avropaya nəqlini artırmaq üçün kəmərin buraxıcılıq qabiliyyətinin artırılması tələb olunur, rəsmi Bakı artıq bir neçə ildir ki, bu məqsədlə Avropa banklarından investisiya cəlb etmək istəyir, amma hələli buna nail olmayıb. Bu məsələni bir neçə dəfə prezident İlham Əliyev də səsləndirib. Ərəb investorları isə kəmərə və dəhlizə tələb olunan investisiyaları tənmi edə bilərlər. 



![Azərbaycan “Cənub Qaz Dəhlizi”ndəki payını - [red]ƏRƏBLƏRƏ SATIR - MÜQAVİLƏ [/red] | FED.az](upload/news/small/2473469.jpg)
![Azərbaycan “Cənub Qaz Dəhlizi”ndəki payını - [red]ƏRƏBLƏRƏ SATIR - MÜQAVİLƏ [/red] | FED.az](upload/news/small/1495869.jpg)







