ABŞ Prezidenti Donald Tramp bildirib ki, Respublikaçı Partiya Rusiya ilə ticarət əlaqələrini davam etdirən ölkələrə genişmiqyaslı sanksiyalar nəzərdə tutan qanun layihəsi üzərində işləyir.
Sanksiyalardan sonra Rusiya öz neftini - REKORD ENDİRİMLƏ SATMAĞA BAŞLAYIB – YENİ QİYMƏT
FED.az xəbər verir ki, Tramp bu təşəbbüsü dəstəklədiyini vurğulayaraq deyib: “Bu mənim üçün tam uyğundur. Hətta bu fikri mən təklif etmişdim.”
“Rusiya ilə iş görən hər kəs ağır cəzalandırılacaq”
Tramp qeyd edib ki, respublikaçıların hazırladığı təklif Rusiyayla iqtisadi əlaqələrini kəsməyən ölkələri hədəf alacaq.
“Rusiya ilə iş görən hər hansı bir ölkə çox ağır sanksiyalarla üzləşəcək”, – deyən Tramp, İranın da sanksiya siyahısına əlavə edilə biləcəyini söyləyib.
“Siyahıya İranı da əlavə edə bilərik” ifadəsini işlədən Tramp, qanun layihəsinə tam dəstək verdiyini bir daha vurğulayıb.
İranın vurğulanması yeni gərginlik yarada bilər
Layihə xüsusilə enerji, müdafiə və maliyyə sahələrində Rusiya ilə əməkdaşlığı davam etdirən ölkələri birbaşa təsirləndirə bilər. İranın bu siyahıya daxil edilməsi ehtimalı isə Vaşinqtonun xarici siyasət gündəmində yeni bir gərginlik xətti yarada bilər.
Konqresdə sərt sanksiya xətti güclənir
Respublikaçılar Rusiyaya qarşı təzyiqi artırmağı hədəfləyən bu qanun layihəsi ilə qlobal aktorları Moskva ilə münasibətlərinə yenidən baxmağa məcbur etməyi planlaşdırırlar. Qanun layihəsinin detalları qarşıdakı günlərdə Konqresin müzakirəsinə çıxarılacaq. (Marja)












