ABŞ-ın Rusiyanın iki ən böyük neft şirkəti «Rosneft» və «Lukoil»a qarşı sanksiyaları fonunda Rusiya neftinə endirimlər kəskin artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, noyabrın 10-da «Primorsk» və «Novorossiysk» limanlarında «Urals» markalı nefti «Brent» markalı neftlə müqayisədə 19,4 dollar ucuz satılıb. Noyabrın əvvəlində, yəni ABŞ-ın sanksiyalar tətbiq etməsindən əvvəl Urals nefti Brantdə 11-12 dollar ucuz satılırdı, indi isə qiymət fərqi 20 dollara yaxınlaşıb.
“S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib
Energetika üzrə ekspert Kirill Rodionovun Argus və OPEC məlumatlarına əsaslanaraq bildirdiyinə görə, Urals -dan Brent-ə nisbətən endirim əvvəllərə də olub - 2022-ci ilin ikinci rübündə qiymət fərqi 31,9 dollar/barel, 2023-cü ilin birinci rübündə isə 30 dollar olub. Həmin vaxt bazara Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra baş verən geosiyasi şok, daha sonra isə Avropanın Rusiyadan xam neftin dəniz yolu ilə daşınmasına embarqosu təsir edib. Amma məsələ bundadır ki, o vaxt neft indikindən xeyli baha idi. Belə ki, 2022-ci ilin ikinci rübündə Brent neftinin bir barreli 104,6-122,7 dollar, 2023-cü ilin birinci rübündə isə 78-83 dollar təşkil edib. Yəni Rusiya nefti həmin vaxt endirimlə satılsa da, təqribən 70-75 dollar və ya 50-55 dollara satılırdı.
İndi isə noyabr ayının əvvəlində EIA Brent markalı neftin spot qiymətini bir ton üçün 65,8 dollar qiymətləndirib. Bu o deməkdir ki, endirimləri nəzərə alanda rusiya nefti bazara 46-48 dollara təklif edilir.
Amma bu da son qiymət deyil. Sanksiyalardan sonra Rusiya neftinin əsas alıcıları olan Hindistan və Çin şirkətləri Rusiya xam neftini almaqda getdikcə ehtiyatlı davranırlar. Bloomberg mənbələrinə görə, Hindistanın beş böyük neft emalı zavodu dekabr ayı üçün Rusiya neftinə sifariş verməyib. Bu neft emalı zavodları Rusiyanın Hindistana ixrac etdiyi neftin üçdə ikisini alırdılar. Bloomberg qeyd edir ki, şirkətlər endirimlərin artmasına baxmayaraq, Rusiya xam neftini almaqdan da çəkinirlər. Bu arada Çində böyük dövlət şirkətləri Sinopec və PetroChina Co. Rusiya neftini almaqdan imtina ediblər.












