Rusiya hakimiyyəti Donbasın dağıdılmış infrastrukturuna irimiqyaslı xərclər planlaşdırır və bu vəsaiti vergi ödəyiciləri və Milli Rifah Fondu (NWF) hesabına ödəmək niyyətindədir.
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qondarma "Donetsk Xalq Respublikası" ("DXR") və "Luqansk Xalq Respublikası"nda ("LXR") evlərin, yarımstansiyaların, təmizləyici qurğuların, sosial-iqtisadi infrastrukturun və yolların bərpası 1,5 trilyon rubla başa gələcək. Bunu "RİA Novosti"yə Federasiya Şurasının büdcə komitəsinin sədr müavini Sergey Ryabuxin bildirib.
“Üç il ərzində hər il təxminən yarım trilyon rubl tələb olunacaq”, - deyən senator Rusiyanın belə pula malik olduğunu əlavə edib.
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin "DXR" və "LXR"-nin "suverenliyinin" tanınması haqqında fərmanlar, habelə "respublikalar ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalayıb. Saziş, Rusiya qoşunlarının "DXR" və "LXR"ə daxil olması, birgə sərhəd mühafizəsi və hərbi bazaların yaradılması ilə yanaşı, Rusiya rublunun ödəniş vasitəsinə çevrilməsini, maliyyə və bank sistemlərinə yardımları nəzərdə tutur.
Donbas Ukraynanın cənub-şərqində, ərazisinin bir hissəsi Rusiya-Ukrayna müharibəsi zamanı separatçılar - "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" tərəfindən işğal edilmiş rayondur. (Marja)