Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərmanı imzalayıb.
«Müharibə» xəbərləri nəticəsində Ukrayna - AYDA 3 MİLYARD DOLLAR İTİRİR
FED.az xəbər verir ki, bu Rusiya Təhlükəsizlik Şurasının dünən keçirilən iclasından sonra baş verib.
Rusiya əhalisinə müraciət edən Putin tarixi mövzuya müraciət edərək, Ukraynanın sonradan yaranmış, bolşeviklər tərəfindən yaradılmış dövlət oldugunu bildirib.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.
Vladimir Putin fransalı həmkarı və Almaniya kansleri ilə telefon danışığında bildirib ki, o, yaxın vaxtlarda tanınmamış Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması haqqında fərmanı imzalamaq niyyətindədir.
Fransa Prezidenti və Almaniya kansleri bundan məyus olduqlarını bildiriblər. Eyni zamanda Kreml əlavə edib ki, Makron və Şolts təmasları davam etdirməyə hazır olduqlarını qeyd ediblər.
Tanınmadan dərhal sonra Rusiya Prezidenti Vladimir Putin və Denis Puşilin Rusiya Federasiyası ilə qondarma Donetsk Xalq Respublikası (DXR) arasında dostluq, əməkdaşlıq və yardım haqqında saziş imzalayıblar.
Həmçinin Vladimir Putin və Leonid Paseçnik Kremldə Rusiya Federasiyası ilə qondarma Luqansk Xalq Respublikası (LXR) arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalayıblar.
Vladimir Putin Rusiya Federasiyasının silahlı qüvvələrinə qondarma DXR və LXR-də sülhün qorunmasını təmin etməyi də tapşırıb.
“Luqansk Xalq Respublikası rəhbərinin Rusiya Federasiyasının Müdafiə Nazirliyinə müraciəti ilə əlaqədar olaraq, bu fərmanın 3-cü bəndində göstərilən saziş bağlanana qədər Rusiya Federasiyası Silahlı Qüvvələri Luqansk Xalq Respublikasının ərazisində sülhün qorunmasını təmin etsin”, - LXR haqqında fərmanın 4-cü bəndində deyilir.
Qeyd edək ki, DXR haqqında fərmanda da oxşar bənd var.
Bundan əlavə, Prezident Rusiya Xarici İşlər Nazirliyinə qondarma DXR və LXR ilə diplomatik münasibətlərin qurulması, dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında danışıqlar aparmağı tapşırıb. LXR və DXR-in suveren və müstəqil dövlətlər kimi tanıyan fərmanlar çərşənbə axşamı gecə dərc edilib.