İran ABŞ-nin ölkədə tikilməkdə olan Darxoveyn Atom Elektrik Stansiyasına (AES) endirdiyi zərbəyə cavab olaraq Bəhreyndə yerləşən Amerikanın Amazon şirkətinə məxsus məlumat mərkəzinə (data mərkəzi) hücum etdiyini bəyan edib.
FED.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. SEPAH-ın bəyanatında deyilir:
“Dünən ABŞ ordusunun Darxoveyndə tikilməkdə olan obyektlərə və mülki infrastruktura hücumuna cavab olaraq, Bəhreyndə yerləşən Amerikanın Amazon şirkətinə məxsus data mərkəzinin infrastrukturuna bir neçə qanadlı raketlə zərbə endirdik və onu məhv etdik”.
İyulun 19-da İranın Atom Enerjisi Təşkilatı (AEOI) ölkənin cənub-qərbində tikilməkdə olan Darxoveyn Atom Elektrik Stansiyasının ABŞ Silahlı Qüvvələrinin zərbəsinə məruz qaldığını açıqlamışdı.














