Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib.
FED.az xəbər verir ki, Prezidentin rəsmi saytında yerləşdirilən məlumata əsasən, Armen Sarkisyanın Ermənistan Prezidenti postundan getməsi onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə bağlıdır: “Ölkə formaca prezident respublikasıdır, amma məzmunca yox”, - deyə artıq keçmiş prezident bildirib.
O qeyd edib ki, qərarı heç də emosional deyil və müəyyən məntiqdən irəli gəlir. Onun sözlərinə görə, prezidentin hazırda xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və alətləri yoxdur.
Sarkisyanın sözlərinə görə, bu gün ölkənin mənalı, dərin düşünülmüş, balanslaşdırılmış hərəkətlərə hər zamankindən daha çox ehtiyacı var. Əks halda ermənilər tarixdə itmək riski ilə üz-üzə qalırlar.
Qeyd edək ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib. Onun bu posta namizədliyi həmin dövrdə ölkə başçısı olan Serj Sarkisyan tərəfindən irəli sürülmüşdü.