Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Avstriya hökuməti ölkədəki ictimai-sosial həyatın minimuma endirilməsi barədə qərar qəbul edib.
Eləcə də bax: Braziliya Prezidenti - KORONAVİRUSA YOLUXUB
FED.az "azərtac"a istinadən xəbər verir ki, Federal Kansler Sebastian Kurts martın 13-də keçirilən mətbuat konfransında martın 16-dan etibarən ölkədəki bütün ictimai iaşə və xidmət obyektlərinin bir həftəlik müddətə bağlanacağını elan edib. O, bildirib ki, bu qadağan ərzaq supermarketləri, apteklər, poçt və bank, eləcə də gündəlik yaşayış tələbatın ödənilməsinə xidmət edən obyektlərə şamil olunmayacaq. Restoran, bar və kafelər isə gələn həftədən etibarən saat 15:00-a kimi açıq olacaq.
Federal Kansler, həmçinin bildirib ki, gündəlik həyatın minimum həddə endirilməsi qərarı qonşu İtaliyada yaranmış vəziyyətin Avstriyada təkrarlanmasına yol verməmək üçündür. Bildirilib ki, hazırkı tədbirlər paketi üç əsas hədəf üzərində qurulub. İlk növbədə birbaşa sosial təmas minimuma endirilməli və virusun sürətlə yayılmasının qarşısının alınmasında vaxt qazanılmalıdır. O, şirkət rəhbərlərinə işçilərə “home office“ imkanı yaratmağa və əmək fəaliyyətini evdən həyata keçirmək şansı verməyə çağırıb. İkincisi, bütün xəstəxanalarda xəstələrə baş çəkmək qadağan olunur və bu da eyni zamanda xəstəxanaların daxili resurslarını qorumağa xidmət edir. Üçüncüsü, əhalinin ən həssas qrupu olan yaşlı əhalinin yoluxma təhlükəsindən qorunması diqqət mərkəzində saxlanılmalıdır.
Mətbuat konfransında iştirak edən Federal Daxili İşlər naziri Karl Nehammer bildirib ki, virusun geniş yayıldığı ölkələrlə sərhəd nəzarətinə ciddi fikir veriləcəkdir. O, İsveçrə və Lixtenşteynlə Avstriya arasında sərhəd nəzarətinin tətbiq olunacağını, eyni zamanda Fransa, İsveçrə və İspaniya ilə təyyarə reyslərinin tamamilə dayandırıldığını bəyan edib. Nazir həmin ölkələrdəki Avstriya vətəndaşlarının mümkün qədər qısa zamanda vətənə dönmələrini tövsiyə edib, hökumət tərəfindən geri dönüş üçün bütün lazımi işlərin görüləcəyini vurğulayıb.
Mətbuat konfransında ictimaiyyəti çaşdıran “fake news“ mövzusuna da toxunulub, saxta xəbərləri yayanlara qarşı hüquqi addımlar atılacağı bəyan edilib.