2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 152 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 53 şirkət azdır.
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 158 milyon 690 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 405 milyon 820 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-sentyabr ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (132) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 99 milyon 60 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 78 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir. (Trend)