Türkiyənin İqtisadiyyat nazirliyi şirkətlərin ilin 365 günü davam edən endirim kampaniyası vədlərinə son verməyə hazırlaşır.
FED.az xəbər verir ki, nazirlik tərəfindən hazırlanan yeni qanun layihəsinə görə, endirim kampaniyalarını şirkətlər yalnız ildə iki dəfə reallaşdıra biləcəklər.
Yeni qanun layihəsi mebel sənayesindən tutmuş, texnoloji məhsullar satan şirkətlərə qədər, bütün pərakəndə sektorlarını əhatə edəcək. Layihəyə görə, şirkətlər kampaniyanı yalnız bahar və payız aylarında reallaşdıra biləcəklər. Layihəyə görə, il ərzində iki dəfədən çox endirim kampaniyası həyata keçirən şirkətləri bağlanmaq təhlükəsi gözləyir.
Mebel istehsalçılar Dərnəyinin rəhbəri Nuri Gürcan deyib ki, kampaniyalara artıq xalq arasında inam qalmayıb: “Uzun zaman idi ki, bu problem pərakəndə sektoru üçün müzakirə olunurdu. Məsələ ilə bağlı narahatlığımızı İqtisadiyyat Nazirliyinə də bildirmişdik. Nazirlikdə məsələni araşdırdılar. Pərakəndə sektorunda olan hər kəs ilə bu məsələ müzakirə olunur. Təklif etdik ki, kampaniyalar bahar və payız aylarında olmaqla, ildə iki dəfə təşkil edilsin. Nazirlik də bu təklifimizi müsbət qarşıladı”, - deyib.
Qeyd edək ki, yeni qanun layihəsinin hazırlanmasında əsas məqsəd istehlakçıların aldadılmasının, haqsız rəqabətin qarşısını almaqdan ibarətdir.
@facemark