Trendyol beynəlxalq genişlənməsi çərçivəsində Ukrayna bazarına daxil olmağa hazırlaşır.
Trendyol: "Gündəlik 55-60 min sifarişi Türkiyədən Azərbaycana göndəririk"
FED.az xəbər verir ki, Trendyol şirkəti Almaniya, Azərbaycan, Körfəz ölkələri, Mərkəzi və Şərqi Avropa bazarlarında fəaliyyətinin ardınca Ukraynanı beynəlxalq genişlənmə strategiyasına daxil edib.
Trendyol, Ukraynada sürətlə inkişaf edən e-ticarət bazarını və ukraynalı istehlakçıların türk məhsullarına marağını mühüm bir potensial olaraq görür.
Trendyol, bütün yeni bazarlarda olduğu kimi Ukraynada da rəqəmsal və logistika infrastrukturuna sərmayə yatıracaq. Şirkətin Ukrayna ilə qonşu olan Polşada da anbarı mövcuddur.
Bu çərçivədə Trendyol Qrupunun prezidenti Çağlayan Çetin və Baykar-ın baş direktoru Haluk Bayraktar Kiyevdə Ukrayna hökumətinin yüksək səviyyəli nümayəndələri ilə görüşüb.
Ukrayna Baş nazirinin müavini və İqtisadiyyat naziri Yuliya Sviridenko və Ukraynanın Strateji sənaye naziri Aleksandr Kamışinin iştirak etdiyi toplantıda “Baykar” və “Trendyol” şirkətlərinin beynəlxalq investisiya planları müzakirə edilib.
“Türkiyə şirkətlərinin müharibənin bitməsini gözləmədən Ukraynaya sərmayə yatırmağa hazırlaşması önəmli hadisədir”
Ukrayna Baş nazirinin müavini və İqtisadiyyat naziri Sviridenko Türkiyə şirkətlərinin müharibənin bitməsini gözləmədən Ukraynaya sərmayə qoymağa hazırlaşmasını önəmli hadisə hesab etdiyini bildirib.
Sviridenko, "Bu maraq müharibə dövründə sürətlə inkişaf edən yüksək texnologiya sektoru və müdafiə sənayesini əhatə edir. Həmçinin logistika və ticarət sahələrində də əməkdaşlığa böyük maraq var. Biz əməkdaşlığımızı təkmilləşdirmək və qurmaq yollarını qiymətləndirdik. Daha güclü iqtisadi əlaqələr, artan ticarət ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq", deyib.