İqtisadiyyat Nazirliyi pandemiyadan zərər çəkmiş sahələrə dəstək tədbirlər ilə bağlı vəziyyəti və görülən işləri açıqlayıb.
Eləcə də bax: İqtisadiyyat Nazirliyi tədbirlərin icrası barədə - MƏLUMAT YAYDI
FED.az xəbər verir ki, iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi hazırlanıb və bu həftə ərzində ödəmələrin həyata keçirilməsinə başlanacaq.
Bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur.
İşəgötürənlərin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında mümkün qədər qısa müddət ərzində onların işçilərinə ödənilməli olan əməkhaqqının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək və işəgötürənlər işçilərin əməkhaqqılarını ödəyə biləcəklər.
Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara da maliyyə dəstəyi göstəriləcək. Bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək.
Maliyyə dəstəyinin mümkün qədər qısa müddət ərzində göstərilməsini təmin etmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə müraciət təqdim edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülür.
Fərdi sahibkar olan vergi ödəyicisinin dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi ilə bağlı banka müvafiq göstəriş veriləcək, ayrılmış vəsaitlər ünvanlarına çatdırılacaq.
Bu işlərin dəqiq icra mexanizmini özündə əks etdirən Proseslər Xəritələri hazırlanıb və bu barədə həm işəgötürənlərə, həm də fərdi sahibkarlara ətraflı məlumatyaxın vaxtlarda onlara şəxsi elektron kabinetləri, SMS və bildirişlər vasitəsilə çatdırılacaq.
Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin, eləcə də fərdi sahibkarların siyahısının dəqiqləşdirilməsi prosesi başa çatmaq üzrədir.